ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Birləşmiş Ştatların müttəfiqlərinə döyüş sursatlarının satışını bərpa edəcəyini bəyan edib.

Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.

Tramp etdiyi paylaşımda ölkə mediasını kəskin tənqid edərək onları "döyüş sursatlarının çatışmazlığı barədə davamlı olaraq yalan məlumat yaymaqda" ittiham edib və bunun "100% həqiqətə uyğun olmadığını" bildirib.

ABŞ liderinin sözlərinə görə, ölkə orta və yüksəkkateqoriyalı döyüş sursatlarının praktiki olaraq sonsuz ehtiyatlarına malikdir və bu ehtiyatlar İrana qarşı müharibədə və ya ehtimalı son dərəcə aşağı olan istənilən başqa münaqişədə istifadə oluna biləcəyindən qat-qat çoxdur.

"Həmçinin biz əvvəllər görünməmiş miqdarda döyüş sursatı istehsal edirik. Ehtiyatlarımızı artırır və hər cür gözlənilməz vəziyyətə hazırlaşırıq. Biz onları başqalarına satmaq üçün deyil, ABŞ üçün istehsal edirik, lakin müttəfiqlərə satış tezliklə yenidən başlayacaq", - deyə Tramp bəyan edib.