Avropada da, digər qeyri-islam cəmiyyətlərində də islamofobiya antisemitizm qədər ciddi təhlükə kimi qəbul edilmir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Onun sözlərinə görə, dünyada nifrət aşılayan nə varsa, hamısına qarşı obyektiv münasibət sərgilənməlidir:
"Buna çox da əhəmiyyət verilmir. Təbii ki, bizim kimi, Türkiyə kimi ölkələr dəfələrlə bu istiqamətdə məsələləri gündəmə gətirirlər. Bununla nail olurlar ki, islamofobiya ilə bağlı məsələdə buna qarşı mübarizə də bütövlükdə Avropa məkanında, sənədlərdə, müəyyən müzakirələrdə yer alsın. Buna da müəyyən dərəcədə nail olunur. Amma bu, bütövlükdə cəmiyyətin tolerantlığı üçün kifayət etmir. Həmin cəmiyyətlərdə baxış bucağı dəyişməlidir. Təbii ki, bəzən İslam adı ilə çıxış edən ölkələrin, şəxslərin də günahı olur. Bunu necə tanıtmaqdan çox şey asılıdır".
Komitə sədri qeyd edib ki, bir çox hallarda Avropada yüksələn millətçilik, aşırı dinçilik görüşləri hədəfin bilavasitə İslama çevrilməsinə gətirib çıxarır:
Fazil Mustafa deyib ki, Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının keçirdiyi 20-ci sessiyanın özünün də əsas qayəsi buna yönəlib:
"Sessiyada kifayət qədər dünyaya mesajlar verildi. Ölkə Prezidenti də hər dəfə görüşlərdə bu məsələni gündəmə gətirirdi. Eyni zamanda parlamentin sədri də bütün bu kimi tədbirlərdə parlament diplomatiyası ilə məsələni aktual olaraq gündəmdə saxlayır. Biz də bu istiqamətdə işlərimizi davam etdirməliyik. Tipik olaraq, biz dünyəvi bir dövlətik. Biz islam dövləti deyilik, amma müsəlmanların çoxluqda yaşadığı bir ölkəyik. Ona görə də məsələlərdə biz həssaslıq göstərməliyik və bu istiqamətdə də çalışırıq. Bütövlükdə biz İslama qarşı anlayışları zəiflədə bilək".