Mərakeş millisi dünya çempionu olmaq hədəfinə inanmalıdır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Məhəmməd Vəhbi DÇ-2026-nın qrup mərhələsində Haitiyə qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis yığmanın günü-gündən irəlilədiyini söyləyib:
"Mərakeş futbolu tamamilə yeni mərhələyə qədəm qoyub. Futbolçular və azarkeşlər komandaya inanırlar, rəqiblərimiz isə bizə hörmətlə yanaşırlar. Biz bu məqsədə – dünya çempionu olmaq hədəfinə inanmalıyıq. Bütün gücümüzü ortaya qoymalı, rəqiblərimizə hörmət etməli və bu ambisiyaya yüz faiz sadiq qalmalıyıq. Mən öz işimə və məşqçilər korpusunun fəaliyyətinə böyük inam bəsləyirəm. Dünyanın ən yaxşı futbol ölkəsinə çevrilmək üçün lazım olan bütün keyfiyyətlərə sahibik".
Mümkün rəqiblərlə bağlı danışan baş məşqçi seçim etmədiyini bildirib:
"Heç bir üstünlük vermirəm. Sabah kiminlə qarşılaşacağımız bəlli olacaq. Hər bir oyuna eyni məqsəd və eyni inamla çıxacağıq".
Qeyd edək ki, Mərakeş millisi Haitini 4:2 hesabı ilə məğlub edib.