İsveçrə millisi Kanada yığması üzərində qazanılan qələbənin dadını çıxaracaq.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Murat Yakın DÇ-2026-da Kanadaya qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"İşi özümüz üçün bir qədər çətinləşdirdik. Amma deməliyəm ki, bu gün komanda olaraq çox həmrəy və fədakar oyun nümayiş etdirdik. Topa nəzarət baxımından üstün idik. İlk hissə alışdığımız səviyyədə keçdi. Təəssüf ki, hesabı açmaq şansını dəyərləndirə bilmədik.
Bununla belə, fasilədən sonra meydana çox yaxşı qayıtdıq. Görüşün sonlarına yaxın bəzi topları diqqətsizlikdən itirdik. Ancaq ən vacibi odur ki, qələbəni qoruyub saxlaya bildik və matçı istədiyimiz nəticə ilə başa vurduq.
Bu qalibiyyət bizə əlavə özünəinam qazandırdı. İndi bir qədər dincələ və bu anın dadını çıxara bilərik. Qarşıdakı iki-üç günü istirahətə ayıracağıq, daha sonra isə pley-off mərhələsinə hazırlığa başlayacağıq".
Qeyd edək ki, B qrupunun sonuncu - III turunun matçında İsveçrə Kanadaya 2:1 hesabı ilə qalib gəlib.