Azərbaycanlı jurnalistlər "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sifarişi ilə ilk "A321neo" təyyarəsinin yığıldığı Hamburqdakı (Almaniya) "Airbus" zavodunda olublar.

"Sizinxeber.az"un Hamburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mediatur zamanı "Airbus" nümayəndəsi Daniel Verdunq (Daniel Werdung) zavodda 18 min nəfərin çalışdığını qeyd edib. Burada hava limanı və istehsal sahələri ilə yanaşı, demək olar ki, bütün kritik əhəmiyyətli infrastruktur mövcuddur və buna görə də zavod "şəhər içində şəhər" adlanır.

Hamburqdakı zavod "Airbus" təyyarələrinin yığıldığı dörd sahədən biridir. Digər sahələr Fransa, ABŞ və Çində yerləşir.

"Təchizatçıdan asılı olaraq təyyarələr müxtəlif sahələrdə yığılır. Bu sahələrin hər birində həm də müxtəlif təyyarələr üçün ayrı-ayrı komplektləşdirici hissələr yığılır", - "Airbus"un nümayəndəsi qeyd edib.