Naxçıvan Muxtar Respublikasında 41 min hektar əkin sahəsinin su təminatının gücləndirilməsi hədəflənir
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov Şərurda keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"na dair Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, son 20 ildə ölkədə su təsərrüfatı sahəsinə əhəmiyyətli dövlət vəsaiti yönəldilib, infrastruktur genişləndirilib və su ehtiyatlarının artırılması istiqamətində mühüm işlər görülüb: "Bu dövrdə ümumi sututumu 557 milyon kubmetr olan Taxtakörpü, Heydər Əliyev, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları inşa edilib. Həmçinin 4 770 kilometr suvarma kanalı, 3 610 kilometr kollektor-drenaj şəbəkəsi tikilib və təmir-bərpa olunub, 1 600 kilometr boru xətti çəkilib, 3 394 subartezian quyusu qazılıb, sel və daşqınların qarşısının alınması məqsədilə 234 kilometr sahil mühafizə tədbirləri həyata keçirilib".
İ. Bayramov qeyd edib ki, Naxçıvanda da su ehtiyatlarından səmərəli istifadənin təmin olunması istiqamətində mühüm layihələr icra edilir: "Bu çərçivədə "Qaraçuq-1" nasos stansiyasının və təzyiqli boru xəttinin, Qaraçuq magistral kanalının, "Araz-1" və "Araz-2" iki pilləli nasos stansiyalarının yenidən qurulması, Əlincəçaydan su götürən və Bənəniyar su anbarını qidalandıran kanalın bərpası, Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin yaradılması, Kəngərli rayonunun bir sıra yaşayış məntəqələrində içməli su təchizatının təkmilləşdirilməsi, həmçinin yeni subartezian quyularının qazılması istiqamətində işlər davam etdirilir".
O qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsi nəticəsində Naxçıvanda mövcud suvarma sistemlərinin texniki vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, su itkilərinin azaldılması, ümumilikdə, 41 min hektar əkin sahəsinin dayanıqlı su təminatının gücləndirilməsi və 2 500 hektar yeni ərazinin əkin dövriyyəsinə cəlb edilməsi hədəflənir.