Rusiyanın Krasnodar şəhərində maçete (Enli və uzun ağzı olan, əsasən kənd təsərrüfatı aləti kimi istifadə edilən böyük bıçaq növüdür – red) ilə silahlanmış şəxs ətrafdakı insanlara hücum edib.

Axar.az xəbər verir ki, hadisə “Vest Moll” ticarət mərkəzində yerləşən MFC-də baş verib.

İlkin məlumata görə, 1 nəfər hadisə yerində həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi saxlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.