Sərhədlərarası risklərə qarşı inteqrasiya olunmuş yanaşma zəruridir.
"Report" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Əbubəkir Gizligider Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi, əhalinin artımı, urbanizasiya və hərəkətliliyin yüksəlməsi, eləcə də təbii ehtiyatlara artan təzyiq sektorlar və sərhədlərarası xarakter daşıyan risklər yaradır: "Bu risklər təkcə insan sağlamlığına təsir göstərmir. Onlar həmçinin heyvan sağlamlığına, su ehtiyatlarına, qida sistemlərinə və bu sistemləri dəstəkləyən ətraf mühitə də təsir edir. Buna görə də sağlamlıq təhlükəsizliyinə artıq yalnız səhiyyə sektorunun prizmasından yanaşmaq mümkün deyil. Bu məsələ su təhlükəsizliyi, qida sistemlərinin dayanıqlılığı, ətraf mühitin qorunması, iqlim davamlılığı və iqtisadi dayanıqlılıqla birgə nəzərdən keçirilməlidir".
Nazir müavini qeyd edib ki, məhz bu səbəbdən "Vahid Sağlamlıq" (One Health) yanaşması xüsusi əhəmiyyət kəsb edir: "Kənd təsərrüfatı, meşə təsərrüfatı, su ehtiyatları və qida sistemlərinə cavabdeh olan qurumlar üçün bu qarşılıqlı əlaqə aydın görünür. Sağlamlığın qorunması risklər böhrana çevrilməzdən əvvəl başlayır. Bu proses risklərin yarandığı ilk nöqtələrdə - ətraf mühitdə, su ehtiyatlarında və qida sistemlərində həyata keçirilməlidir".