Azərbaycan hökuməti ətrafdakı çoxsaylı çağırışlara baxmayaraq investorlar üçün əlverişli mühit formalaşdırıb.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində deyib.

Onun sözlərinə görə, hər yerdə maliyyələşdirilə bilən layihələrin çatışmazlığı müşahidə olunur: "Bu, demək olar ki, bütün ölkələr üçün əsas çağırışlardan biridir. İnvestorlarla söhbətlər zamanı onlar adətən konkret layihələr gözlədiklərini bildirirlər. Ümumi məlumatlar müəyyən təsəvvür yaratsa da, investorlar üçün əsas məsələ real və gəlirli layihələrin mövcudluğudur. Belə layihələrin sayı nə qədər çox olarsa, qlobal miqyasda bir o qədər çox investor cəlb etmək mümkündür".

Y. Abdullayev bununla belə, ətrafdakı çoxsaylı çağırışlara baxmayaraq, hesab edir ki, Azərbaycan və ölkə rəhbərliyi investorlar üçün əlverişli mühit formalaşdırmağa nail olub: "Ölkə həm investisiya qoyuluşu, həm biznes fəaliyyəti baxımından cəlbedici məkanlardan biri kimi seçilir".