Azərbaycan Xəzəryanı dövlətlərlə birlikdə Xəzər dənizində suyun səviyyəsinin azalması probleminin həllinə yönəlmiş xüsusi işçi qruplar formalaşdırır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik iclaslarında çıxış edərkən bildirib.
O qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün region üçün ciddi ekoloji və iqtisadi təhlükə yaradır və əlaqələndirilmiş transsərhəd yanaşma tələb edir.
Nazir müavini bildirib ki, bu problem Azərbaycan üçün kritik dərəcədə vacib xarakter daşıyır, çünki Xəzər dənizi ölkənin milli kimliyinin, ekosisteminin və iqtisadi quruluşunun ayrılmaz hissəsidir.
A.Səmədzadə qeyd edib ki, çağırışın regional xarakterini nəzərə alaraq, Bakı Xəzəryanı qonşuları ilə fəaliyyətlərini aktiv şəkildə əlaqələndirir: "Elmi qarşılıqlı fəaliyyəti gücləndirmək, aktual şəkildə məlumat mübadiləsi aparmaq, fasiləsiz monitorinqi təşkil etmək və birgə uyğunlaşma tədbirlərini hazırlamaq məqsədilə Azərbaycan artıq Qazaxıstan, Türkmənistan və Rusiya ilə müvafiq işçi qrupları formalaşdırıb".
Nazir müavini həmçinin Azərbaycanın bu günə kimi 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokolun iştirakçısı olduğuna diqqət çəkib: "Bu, bizim qlobal ekoloji və iqlim gündəliyinə dəyişməz sadiqliyimizi nümayiş etdirir".