Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi "Çiçəklənən Ermənistan" partiyası nümayəndələrinin adının hallandığı seçki rüşvətinin verilməsi və alınması faktını aşkar edib.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilib.

Məlumata görə, əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Lori vilayətinin Spitak icmasının Qoğaran qəsəbəsində, eləcə də qonşu yaşayış məntəqələrində partiya nümayəndələri parlament seçkilərində partiyanın xeyrinə səs vermələri, həmçinin yeni tərəfdarlar cəlb etmələri müqabilində seçicilərə pul mükafatları təklif ediblər.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi hadisə ilə bağlı cinayət işi açıb. Bir sıra şəxslər saxlanılıb, digər fiqurantlar barəsində prosessual tədbirlər tətbiq edilib.

Xatırladaq ki, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyandır. Partiya iyunun 7-də keçirilən parlament seçkilərində təxminən 4 % səs toplayaraq dördüncü yeri tutub.