"Miniboss Biznes Məktəbi" 8 illik biznes təhsil modeli əsasında yeni yanaşmalar ortaya qoyur.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Miniboss Biznes Məktəbi"nin direktoru Alina Xələfova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, əsas hədəfləri daha çox uşağa və ailəyə tədris metodologiyalarını geniş miqyasda təqdim etməkdir.
"Miniboss" 8 illik tədris proqramına əsaslanan bir təhsil müəssisəsidir. Hər tədris ilinin yekun mərhələsində şagirdlər müəyyən bir layihə hazırlayır və bunun nəticəsində sertifikatla mükafatlandırılırlar. Proqramın 8 illik tam kursunu müvəffəqiyyətlə tamamlayan şagirdlər isə diplom alırlar.
Bu proqram ümumi orta təhsilə əlavə fəaliyyət olaraq nəzərdə tutulub və uşaqlarda biznes biliklərinin formalaşmasını təmin edir. Tədris proqramı ənənəvi məktəb təhsilindən fərqli olaraq daha özünəməxsus və biznes istiqamətli xarakter daşıyır, gənc nəsildə sahibkarlıq bacarıqlarının inkişafına yönəlib", - A. Xələfova bildirib.