"Miniboss Biznes Məktəbi"nin Startaplar üzrə Milli Çempionatında münsiflər heyəti layihələrin mənfəətliliyinə üstünlük verəcək.
"Report" xəbər verir ki, bunu "Miniboss Biznes Məktəbi"nin direktoru Alina Xələfova jurnalistlərə açıqlamasında bildirib.
Onun fikrincə, startapın əsas məqsədi şagirdlərin il boyu qazandıqları nəzəri bilikləri real şəraitdə yoxlamaq və həyata keçirmək imkanı yaratmaqdır:
"Bu kimi tədbirlər biliklərin daha da dərinləşdirilməsinə töhfə verir. Burada həm uşaqların səhnə vərdişləri formalaşır, həm də onların bilik və təcrübə potensialı artır. Hesab edirəm ki, uşaq yaşında yüzlərlə insanın hüzurunda çıxış etmək ciddi cəsarət tələb edir. Hətta tanınmış iş adamları belə bu cür sınaqlardan həyəcanla keçirlər. Məktəb şagirdləri əvvəlcədən səhnə çıxışlarını hazırlayır və onları gələcəkdə daha böyük nailiyyətlərə yönəldir. Hazırda iştirakçılar təqdimatlarını müvəffəqiyyətlə yekunlaşdırıblar və layihələrinin münsiflər heyəti tərəfindən dəyərləndirilməsini gözləyirlər.
Münsiflər heyəti layihələri dörd əsas meyar əsasında qiymətləndirəcək: mənfəətlilik, innovativlik, sosial şəbəkələrdə əks olunma və münsiflər heyətinin suallarına cavab vermə bacarığı. Ən böyük çəkiyə malik olan meyar mənfəətlilikdir. Çünki hər hansı bir biznesin fundamental göstəricilərindən biri onun gəlir gətirməsidir".