"Miniboss Business School"un 6 illik fəaliyyəti ərzində reallaşdırılan layihələrinin sayı 80-i keçib.
"Report" xəbər verir ki, bunu "Miniboss Biznes Məktəbi"nin qurucusu Nərminə Həsənova 6–17 yaşlı uşaq və yeniyetmələr arasında keçirilən Startaplar uzrə Milli Çempionatda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Milli Çempionatda 20 layihə nümayiş etdiriləcək: "Qeyd etmək lazımdır ki, hər bir layihə cəmi iki aylıq müddət ərzində işlənib hazırlanıb. Yəni qrant vəsaitləri ayrıldıqdan sonra təklif olunan fikirlər qısa zaman kəsiyində real məhsula çevrilib.
İlk dəfə olaraq təqdim edilən 20 layihənin 40 %-i milli irsimizi və mədəni dəyərlərimizi özündə əks etdirir. Onu da xüsusi vurğulamaq istərdim ki, bütün ideyalar uşaqların özləri tərəfindən ortaya qoyulub. Hesab edirəm ki, bu tendensiyanın yaranmasında ölkəmizdə təşkil olunan mühüm beynəlxalq tədbirlər də əhəmiyyətli rol oynayıb. Uşaqlarımızı yaxın gələcəkdə Davosda baş tutacaq Dünya Çempionatı gözləyir. Nə qədər çox fərqli və orijinal layihə nümayiş etdirilərsə, Azərbaycan da beynəlxalq səviyyədə bir o qədər daha yaxşı tanınacaq. Çox məmnunam ki, fəaliyyətinə cəmi beş layihə ilə start verən "Miniboss Business School" bu gün 80-dən artıq layihə ilə altıncı iş ilini tamamlayır".