Hindistada ayrı-seçkiliyə məruz qalan dalit icmasının nümayəndələri Azərbaycana səfər edəcək
Hindistanın dalit icması nümayəndələrinin yaxın vaxtlarda Azərbaycana səfəri planlaşdırılır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) Hindistanda dalit icması nümayəndələrinin məruz qaldığı ayrı-seçkiliklə bağlı hazırladığı arayışda bildirilib.
Arayışda qeyd olunub ki, BTQ dalit icması ilə sıx əməkdaşlıq edir və kasta əsaslı ayrı-seçkiliyin beynəlxalq gündəmdə daha geniş işıqlandırılmasına xüsusi önəm verir:
"Bu əməkdaşlıq Hindistanda sistemli diskriminasiyadan əziyyət çəkən icmaların problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və dalit icmasının səsinin qlobal platformalarda daha aydın eşidilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dalitlər əsrlər boyu Hindistanın ictimai həyatında təcrid olunmuş, bərabərsizliyə və zorakılığa məruz qalmış, onların su mənbələrindən istifadə etməsi, dini məbədlərə daxil olması və yuxarı kastalara mənsub şəxslərlə eyni sosial məkanı paylaşması məhdudlaşdırılıb".
Arayışda diqqətə çatdırılıb ki, xaricdə dalit hüquqlarının müdafiəsi ilə məşğul olan əsas təşkilatlar sırasında International Dalit Solidarity Network, Equality Labs, International Commission for Dalit Rights, Ambedkar International Center və Dalit Solidarity Network UK kimi qurumlar qeyd olunur. Bu təşkilatlar kasta əsaslı ayrı-seçkiliyin beynəlxalq səviyyədə tanıdılması, dalitlərin hüquqlarının müdafiəsi və diaspor icmalarında maarifləndirmə işinin aparılması istiqamətində fəaliyyət göstərirlər.
Dalitlərin əsas tələbləri kasta əsaslı diskriminasiyanın aradan qaldırılması, zorakılıq və cəzasızlığa son qoyulması, təhsil və məşğulluqda bərabər imkanların yaradılması, torpaq və iqtisadi resurslara çıxışın genişləndirilməsi, siyasi təmsilçiliyin artırılması və insan ləyaqətinə əsaslanan bərabər və təhlükəsiz həyat şəraitinin təmin edilməsidir.
Dalitlər Hindistan əhalisinin təxminən 16–17 faizini, yəni 200 milyona yaxın insanı təşkil edir. Buna baxmayaraq, onlar ölkədə sosial və iqtisadi baxımdan ən çox sıxışdırılmış qruplardan biri olaraq qalırlar. Dalit icması təhsil, məşğulluq, sosial xidmətlərə əlçatanlıq, ictimai təhlükəsizlik, iqtisadi imkanlar və siyasi təmsilçilik sahələrində ciddi maneələrlə üzləşməkdə davam edir.
Rəsmi statistikaya görə, təkcə 2016-cı ildə aşağı kastalara qarşı 40 mindən çox cinayət qeydə alınmışdır. 2018-ci ildə dalitlərin iştirakı ilə keçirilən kütləvi aksiyalar zamanı 8 nəfərin həyatını itirməsi isə problemin yalnız sosial ayrı-seçkiliklə məhdudlaşmadığını, eyni zamanda zorakılıq və təhlükəsizlik böhranı xarakteri daşıdığını göstərir. Bu faktlar Hindistanda kasta əsaslı diskriminasiyanın fərdi hallar deyil, sistemli və genişmiqyaslı problem olduğunu nümayiş etdirir.
Dalitlərlə bağlı məsələ beynəlxalq səviyyədə də müzakirə olunub. BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi "mənşəyə əsaslanan ayrı-seçkilik" anlayışı çərçivəsində kasta və irsi statusa əsaslanan ayrı-seçkiliyi də insan hüquqları problemi kimi qiymətləndirib. Bundan əlavə, dalit hüquqları müdafiəçiləri 2001-ci ildə Cənubi Afrikanın Durban şəhərində keçirilmiş irqçilik və ayrı-seçkiliyə qarşı Ümumdünya Konfransı zamanı kasta əsaslı diskriminasiyanın beynəlxalq gündəmə çıxarılması üçün fəal kampaniya aparıblar. Avropa Parlamenti də kasta əsaslı ayrı-seçkiliyə dair ayrıca qətnamə qəbul edərək bu problemin beynəlxalq insan hüquqları siyasətində nəzərə alınmasının vacibliyini vurğulayıb.
Dalit icması vahid dini inanca malik deyil. Onların arasında hinduizm, buddizm, xristianlıq, sikhizm və islam dininə mənsub şəxslər mövcuddur. Bununla yanaşı, dalit ictimai-siyasi düşüncəsində B.R. Ambedkarın irsi xüsusi yer tutur. O, kasta sisteminə qarşı çıxmış, bərabərlik, insan ləyaqəti və sosial ədalət ideyalarını dalit hərəkatının əsas dayaqlarından birinə çevirib.
Rəsmi olaraq demokratik və dünyəvi dövlət kimi çıxış edən Hindistanda kasta əsaslı ayrı-seçkiliyin hələ də geniş yayılması ciddi insan hüquqları problemi kimi qiymətləndirilir. Hindistan qanunvericiliyində kasta əsaslı ayrı-seçkilik qadağan edilsə də, dalitlərin gündəlik həyatda təcrid, iqtisadi çətinliklər və zorakılıqla üzləşməsi göstərir ki, mövcud hüquqi mexanizmlər onların hüquqlarının qorunmasını tam təmin etmir. Bu baxımdan, problemin kökü yalnız tarixi kasta ənənələrində deyil, həm də Hindistan hökumətinin bu sistemi faktiki olaraq aradan qaldırmaq üçün yetərli və effektiv addımlar atmamasındadır.
YENİLƏNİR
Oxşar xəbərlər
Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsinin irqi ayrı-seçkiliyə əsaslanan bəyanatını qınayıb
Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb
QAİ ABŞ-dən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edib
İcma ABŞ-nin regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı tələb edir
ICESCO rəsmisi: Mövcud qlobal təhlükəsizlik sistemi islamofobiyanın qarşısını almaqda aciz görünür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
