Türkiyəli ekspert: WUF13 Bakının qlobal şəhərsalma dialoqunda artan rolunu nümayiş etdirdi
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Bu fikirləri türkiyəli siyasi ekspert Esma Özdaşlı APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, müasir dövrdə şəhərlər artıq yalnız insanların yaşadığı fiziki məkanlar deyil, eyni zamanda iqtisadi transformasiya, ekoloji dayanıqlılıq, texnoloji inkişaf və sosial dəyişikliklərin mərkəzinə çevrilib.
“Bu gün şəhərlərin gələcəyi ilə bağlı məsələlər artıq yalnız yerli səviyyədə deyil, qlobal miqyasda ortaq gündəm formalaşdırır. Bu baxımdan WUF13-ün Bakıda keçirilməsi olduqca mühüm hadisə idi”, – deyə ekspert vurğulayıb.
Esma Özdaşlı qeyd edib ki, Bakının belə genişmiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsindəki potensialını və artan nüfuzunu bir daha nümayiş etdirib. Onun sözlərinə görə, forum çərçivəsində müxtəlif ölkələrdən dövlət nümayəndələrinin, alimlərin, yerli idarəetmə orqanlarının təmsilçilərinin, şəhərsalma mütəxəssislərinin və beynəlxalq təşkilatların eyni platformada bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyıb.
Ekspert bildirib ki, iştirakçı müxtəlifliyi şəhərlərin gələcəyi ilə bağlı problemlərin artıq çoxşaxəli yanaşma ilə müzakirə edilməsinin vacibliyini bir daha ortaya qoyub.
“Forumda yalnız texniki məsələlər deyil, sosial dayanıqlılıq, ekoloji davamlılıq və həyat keyfiyyəti kimi insanların gündəlik həyatına birbaşa təsir edən mövzular da geniş şəkildə müzakirə edildi. Bu baxımdan WUF13 təkcə şəhərsalma sahəsinə deyil, həm də qlobal əməkdaşlıq və ortaq düşüncə mədəniyyətinin inkişafına mühüm töhfə verdi”, – deyə o əlavə edib.
Esma Özdaşlı WUF13-ü Azərbaycanın beynəlxalq platformalarda getdikcə daha görünən rolunu nümayiş etdirən mühüm tədbirlərdən biri kimi dəyərləndirib. O bildirib ki, Bakı artıq təkcə regional deyil, daha geniş beynəlxalq tədbirlər üçün də cəlbedici mərkəzə çevrilməkdədir.
Onun sözlərinə görə, belə tədbirlər ölkələrin yalnız fiziki infrastrukturunu deyil, həm də diplomatik imkanlarını, təşkilatçılıq bacarıqlarını və beynəlxalq etimad yaratmaq potensialını ortaya qoyur.
“Bakının forum müddətində nümayiş etdirdiyi ümumi performans bu prosesin uğurla idarə olunduğunu göstərdi”, – deyə ekspert vurğulayıb.
Türkiyəli siyasi ekspert forumda ön plana çıxan mövzuların şəhərlərin gələcəyi ilə bağlı qlobal narahatlıqların ortaq xarakter daşıdığını göstərdiyini bildirib. Onun fikrincə, iqlim dəyişikliyi, sürətli urbanizasiya, enerji səmərəliliyi, ekoloji təzyiqlər, təbii fəlakətlərə davamlı infrastruktur və rəqəmsal transformasiya müasir şəhər idarəçiliyinin əsas prioritetləri sırasındadır.
Ekspert qeyd edib ki, forum çərçivəsində şəhərlərin gələcəyinin yalnız fiziki böyümə prizmasından qiymətləndirilə bilməyəcəyi xüsusi vurğulanıb.
“Müasir şəhərsalma anlayışı sadəcə yeni tikililərin inşası ilə məhdudlaşmır. Bu yanaşma həyat keyfiyyətinin qorunmasını, ekoloji davamlılığın təmin edilməsini və insanın mərkəzdə olduğu planlaşdırma modelini tələb edir”, – deyə o bildirib.
Esma Özdaşlı insan yönümlü şəhərsalma konsepsiyasının forum boyu xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, şəhərlərin yalnız iqtisadi göstəricilər əsasında deyil, həm də sosial inteqrasiya, əlçatanlıq, təhlükəsizlik və ekoloji balans baxımından qiymətləndirilməsinin vacibliyi ilə bağlı mühüm mesajlar səsləndirilib.
Ekspert əlavə edib ki, texnologiya ilə şəhər idarəçiliyi arasındakı əlaqənin güclənməsi də forumun əsas müzakirə mövzularından biri olub.
Onun sözlərinə görə, şəhərlərin gələcəyi ilə bağlı müzakirələr artıq yalnız memarlıq və infrastruktur məsələləri ilə məhdudlaşmır, sosial uyğunlaşma, ekoloji dayanıqlılıq və həyat keyfiyyəti kimi amillər də şəhər planlaşdırılmasının əsas istiqamətlərinə çevrilir.
Esma Özdaşlı Bakının son illərdə nəqliyyat infrastrukturu, şəhər estetikası və ictimai məkanların təşkili sahəsində diqqətəlayiq inkişaf yolu keçdiyini bildirib.
“Şəhərdə modernləşmə prosesinin güclü şəkildə hiss olunması ilə yanaşı, tarixi və mədəni irsin qorunmasına göstərilən diqqət də mühüm balans yaradır. Bir çox şəhərlər sürətli transformasiya prosesində öz tarixi kimliyini qorumaqda çətinlik çəkdiyi halda, Bakının müasir şəhərsalma yanaşmasını mədəni yaddaşla uzlaşdırmağa çalışması beynəlxalq iştirakçılar üçün maraqlı nümunə kimi qiymətləndirilə bilər”, – deyə o qeyd edib.
Ekspertin fikrincə, WUF13-ün ən mühüm nəticələrindən biri şəhərlərin gələcəyi ilə bağlı məsələlərin artıq yalnız yerli idarəetmə orqanlarının məsuliyyəti kimi qiymətləndirilə bilməyəcəyini nümayiş etdirməsi olub.
“Bu gün şəhərsalma iqtisadiyyat, ekologiya, texnologiya və insan həyatı ilə sıx bağlı olan çoxşaxəli fəaliyyət sahəsinə çevrilib. Məhz buna görə də belə forumlar yalnız fikir mübadiləsinin aparıldığı tədbirlər deyil, həm də ortaq baxışların formalaşdığı və yeni əməkdaşlıq imkanlarının yarandığı platformalar kimi böyük əhəmiyyət daşıyır”, – deyə Esma Özdaşlı vurğulayıb.
O bildirib ki, dayanıqlı inkişaf, davamlı şəhərlər və insan mərkəzli planlaşdırma prinsipləri qarşıdakı illərdə daha da aktuallaşacaq və WUF13 bu istiqamətdə qlobal müzakirələrə mühüm töhfə verən platformalardan biri kimi yadda qalacaq.
Oxşar xəbərlər
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Komitə sədri: WUF13 dayanıqlı inkişafa ortaq öhdəliyi əks etdirən bir platformaya çevrilib
Komitə sədri: WUF13 göstərdi ki, mənzil davamlı inkişafın əsasını təşkil edir
İlyas Demirçi: WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma təcrübəsinin sübutudur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
