WUF13 və Bakı sənədi: Azərbaycanın postmünaqişə bərpa təcrübəsinin qlobal səviyyədə təsbiti – TƏHLİL
sizinxeber.az xəbər saytı

WUF13 və Bakı sənədi: Azərbaycanın postmünaqişə bərpa təcrübəsinin qlobal səviyyədə təsbiti – TƏHLİL


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekununda qəbul edilən “Baku Call to Action” (Bakı Fəaliyyətə Çağırış) sənədi ilk baxışda urbanizasiya və şəhərsalma sahəsində fəaliyyət istiqamətlərini müəyyən edən texniki sənəd təsiri bağışlasa da, onun məzmunu daha dərin siyasi və geostrateji əhəmiyyət daşıyır. Sənəd müasir dövrdə şəhərlərin yalnız yaşayış məkanları deyil, iqtisadi inkişafın, təhlükəsizliyin, sosial dayanıqlılığın, iqlim siyasətinin və beynəlxalq əməkdaşlığın əsas platformalarından birinə çevrildiyini təsdiqləyir.

WUF13-ün Bakıda keçirilməsi və forumun yekun sənədinin məhz “Baku Call to Action” adlandırılması Azərbaycanın beynəlxalq gündəlikdə rolunun artmasının növbəti göstəricisi hesab edilə bilər. Əgər son illərdə Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və çoxtərəfli diplomatiya sahəsində özünü mühüm aktor kimi təqdim etmişdisə, WUF13 ölkənin urbanizasiya, dayanıqlı inkişaf və postmünaqişə bərpası məsələlərində də qlobal müzakirələrin mərkəzində yer almağa başladığını nümayiş etdirdi.

Tarixin ən böyük WUF sessiyası və Azərbaycanın artan beynəlxalq nüfuzu

WUF13 prinsipləri və Azərbaycanın yanaşması: milli təcrübədən qlobal  nümunəyə - AZƏRTAC

Forumun yekun sənədində ilk olaraq Azərbaycanın dövlətinə və xalqına təşəkkür ifadə olunması formal diplomatik protokol elementi kimi görünə bilər. Lakin bu məqamın arxasında ciddi siyasi məna dayanır.

WUF13 176 ölkədən 58 mindən artıq iştirakçını bir araya gətirməklə Ümumdünya Şəhərsalma Forumunun yarandığı gündən bəri keçirilmiş ən böyük sessiya kimi tarixə düşdü. Forum çərçivəsində yüzlərlə panel müzakirəsi, yüksək səviyyəli görüşlər, nazirlər sessiyaları, şəhər rəhbərlərinin forumları, beynəlxalq sərgilər və tematik tədbirlər keçirildi. Bu göstəricilər BMT sistemində urbanizasiya sahəsində keçirilən tədbirlər arasında rekord hesab olunur.

Müasir beynəlxalq münasibətlərdə belə miqyaslı tədbirlərin uğurla təşkili dövlətlərin beynəlxalq çəkisinin mühüm göstəricilərindən biridir. Çünki qlobal forumların keçirilməsi yalnız maliyyə və texniki imkanlar deyil, eyni zamanda yüksək siyasi etimad tələb edir. On minlərlə iştirakçının, yüzlərlə beynəlxalq qurumun və onlarla dövlət rəhbərinin bir şəhərdə təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərə bilməsi həmin ölkənin təşkilati potensialına beynəlxalq etimadın göstəricisidir.

Son illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığı, COP29 kimi qlobal tədbirə ev sahibliyi və çoxsaylı beynəlxalq forumlar vasitəsilə özünü regional çərçivədən çıxaraq qlobal diplomatik platforma kimi təqdim edib. WUF13 bu prosesin növbəti mərhələsi oldu.

Liderlərin Bəyanatları Sessiyası yeni beynəlxalq siyasi format yaratdı

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat  konfransı və “Urban Expo” sərgisinin açılışı olub - AZƏRTAC Video –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Baku Call to Action” sənədində xüsusi vurğulanan məqamlardan biri tarixdə ilk dəfə təşkil olunan Liderlərin Bəyanatları Sessiyasıdır. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu formatda 27 dövlət və hökumət başçısı iştirak edib.

Bu göstərici yalnız statistik rəqəm deyil. Əslində bu, urbanizasiya mövzusunun beynəlxalq siyasətin ən yüksək səviyyəsinə yüksəlməsinin göstəricisidir.

Keçmişdə şəhərsalma daha çox bələdiyyələrin, şəhər rəhbərlərinin və texniki ekspertlərin müzakirə etdiyi sahə hesab olunurdu. Lakin XXI əsrdə urbanizasiya enerji təhlükəsizliyi, sosial sabitlik, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, miqrasiya prosesləri və milli inkişaf strategiyalarının mərkəzi komponentinə çevrilib.

BMT hesablamalarına görə, hazırda dünya əhalisinin təxminən 56 faizi şəhərlərdə yaşayır. 2050-ci ildə isə bu göstəricinin 68-70 faizə çatacağı gözlənilir. Dünya iqtisadiyyatının təxminən 80 faizi şəhərlərdə formalaşır. Buna görə də şəhərlərin idarə olunması artıq milli hökumətlərin strateji prioritetləri sırasındadır.

Məhz bu reallıq Liderlərin Bəyanatları Sessiyasını siyasi baxımdan mühüm hadisəyə çevirir. Azərbaycan isə bu yeni formatın təşəbbüskarı olmaqla qlobal urbanizasiya gündəliyinin formalaşmasına birbaşa töhfə verən ölkələr sırasına daxil olub.

Qarabağ beynəlxalq postmünaqişə inkişaf modelinə çevrilir

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq  işləri dayanıqlı sosial-iqtisadi inkişafı təmin edir - ŞƏRH - AZƏRTAC

“Baku Call to Action” sənədində Azərbaycanın təcrübəsinin də daxil olduğu postmünaqişə bərpası nümunələrinin xüsusi qeyd olunması forumun ən mühüm siyasi nəticələrindən biri hesab oluna bilər.

Son illərdə Azərbaycan işğaldan azad olunmuş ərazilərdə görünməmiş miqyasda yenidənqurma proqramı həyata keçirir. Dövlət büdcəsindən bu məqsədlə 20 milyard manatdan artıq vəsait ayrılıb. Yeni magistral yollar, tunellər, hava limanları, dəmir yolları, enerji infrastrukturu, yaşayış məntəqələri və sosial obyektlər inşa edilir.

Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yüzlərlə kilometr avtomobil yolunun çəkilməsi, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində həyata keçirilən layihələr beynəlxalq ekspert dairələrinin diqqətini cəlb edir.

Ən vacib məqamlardan biri isə bərpanın yalnız fiziki tikinti layihəsi kimi həyata keçirilməməsidir. Azərbaycan rəqəmsal idarəetmə, ağıllı şəhər texnologiyaları, yaşıl enerji, ekoloji dayanıqlılıq və müasir urbanizasiya prinsiplərini bu prosesin mərkəzinə yerləşdirib.

Məhz buna görə Qarabağda həyata keçirilən layihələr artıq sadəcə milli inkişaf proqramı deyil, beynəlxalq postmünaqişə yenidənqurma təcrübəsinin nümunəsi kimi qiymətləndirilir.

Böyük Qayıdış beynəlxalq sənəddə əksini tapan humanitar modeldir

Böyük Qayıdış” modelinin strateji uğurları

Yekun sənəddə yenidənqurma və bərpa fəaliyyətlərinin prioritetləşdirilməsi ilə yanaşı, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin olunmasına çağırış edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu müddəa Azərbaycanın uzun illər beynəlxalq platformalarda müdafiə etdiyi yanaşmanın qlobal səviyyədə qəbul edilməsinin göstəricisi hesab oluna bilər.

Dünyada məcburi köçkün və qaçqınların sayı rekord həddə çataraq 120 milyondan artıq insanı əhatə edir. Lakin beynəlxalq təcrübə göstərir ki, insanların öz evlərinə qayıtması üçün yalnız siyasi razılaşma kifayət etmir. Bunun üçün yaşayış məntəqələrinin bərpası, iqtisadi imkanların yaradılması, sosial xidmətlərin təmin olunması və müasir infrastrukturun qurulması zəruridir.

Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış proqramı məhz bu prinsiplərə əsaslanır. Ağalı kəndindən başlayan proses artıq Laçın, Füzuli, Şuşa, Talış, Zabux, Sus və digər yaşayış məntəqələrini əhatə edir.

“Baku Call to Action” sənədində qayıdış məsələsinin urbanizasiya siyasətinin ayrılmaz elementi kimi təqdim olunması beynəlxalq yanaşmada yeni mərhələnin başlanğıcı hesab edilə bilər.

Urbisid anlayışının sənədə daxil edilməsi mühüm siyasi mesajdır

Füzuli

Sənəddə münaqişə, müharibə və urbisidin məktəblərə, xəstəxanalara, yaşayış evlərinə, ictimai infrastruktura və ətraf mühitə vurduğu zərərin xüsusi vurğulanması da diqqət çəkir.

“Urbisid” anlayışı şəhərlərin və yaşayış məntəqələrinin məqsədli şəkildə məhv edilməsini ifadə edir. Son illərdə Ukraynada, Yaxın Şərqdə və digər münaqişə bölgələrində baş verən hadisələr bu mövzunu beynəlxalq hüququn və siyasətin mühüm istiqamətlərindən birinə çevirib.

Bakı sənədində urbisid anlayışının yer alması beynəlxalq ictimaiyyətin şəhərlərin dağıdılmasını yalnız hərbi əməliyyatların nəticəsi kimi deyil, insan inkişafına qarşı ciddi təhlükə kimi qiymətləndirdiyini göstərir.

Bu yanaşma gələcəkdə beynəlxalq təşkilatların münaqişə zonalarında şəhərlərin qorunması və bərpası ilə bağlı siyasətlərinə də təsir göstərə bilər.

Bakı Şəhər Mükafatı Azərbaycanın yeni yumşaq güc alətinə çevrilə bilər

Bakı Şəhər Mükafatı WUF-un yeganə beynəlxalq mükafatı seçildi

Forum çərçivəsində təqdim olunan Bakı Şəhər Mükafatının yekun sənəddə ayrıca qeyd olunması da təsadüfi deyil.

Beynəlxalq təcrübədə nüfuzlu mükafatlar ölkələrin yumşaq güc siyasətinin mühüm elementlərindən biri hesab edilir. Nobel mükafatı İsveçin, Davos Forumu İsveçrənin, Münhen Təhlükəsizlik Konfransı Almaniyanın beynəlxalq imicinə mühüm töhfə verdiyi kimi, Bakı Şəhər Mükafatı da gələcəkdə urbanizasiya sahəsində qlobal nüfuza malik platformaya çevrilə bilər.

Belə təşəbbüslər şəhərlər arasında sağlam rəqabəti təşviq edir, innovativ həlləri ön plana çıxarır və beynəlxalq əməkdaşlığı gücləndirir. Eyni zamanda Bakı adının qlobal urbanizasiya gündəliyində daimi şəkildə yer almasına xidmət edir.

WUF13 Azərbaycanın beynəlxalq roluna yeni məzmun qazandırdı

Beynəlxalq tədbirlərin mərkəzinə çevirilən AZƏRBAYCAN- WUF13 - Ajans.az

WUF13 və onun yekun sənədi olan “Baku Call to Action” göstərdi ki, Azərbaycan artıq beynəlxalq gündəmin yalnız iştirakçısı deyil, həm də formalaşdırıcı aktorlarından birinə çevrilir. Forum çərçivəsində qəbul edilən müddəalar postmünaqişə bərpası, məcburi köçkünlərin qayıdışı, şəhərlərin dayanıqlılığı, iqlim çağırışları və urbanizasiya siyasəti kimi məsələlərdə Azərbaycanın irəli sürdüyü yanaşmaların beynəlxalq müstəvidə dəstəkləndiyini nümayiş etdirdi.

Əgər XX əsrdə Bakı əsasən neft paytaxtı kimi tanınırdısa, XXI əsrdə şəhər tədricən beynəlxalq dialoq, qlobal əməkdaşlıq və urbanizasiya diplomatiyasının mühüm mərkəzlərindən birinə çevrilir. “Baku Call to Action” isə bu transformasiyanın rəsmi siyasi sənəd səviyyəsində təsdiqlənməsi kimi qiymətləndirilə bilər. Forumun yekun nəticələri göstərir ki, Bakı artıq təkcə beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhər deyil, qlobal inkişaf gündəliyinin formalaşdığı və yeni siyasi ideyaların ortaya çıxdığı strateji platformadır.

Oxşar xəbərlər

Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib
Rossbax: WUF13 şəhər transformasiyası üzrə qlobal əməkdaşlığı daha da gücləndirib
Komitə sədri: WUF13 göstərdi ki, mənzil davamlı inkişafın əsasını təşkil edir
Azərbaycanın post-münaqişə bərpası təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər