ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub - YENİLƏNİB
ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub - YENİLƏNİB
ABŞ-nin İranın cənubundakı Hörmüzqan vilayətinin bir neçə rayonuna endirdiyi zərbələr nəticəsində azı üç nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə yerlərində fövqəladə hallar xidmətləri, hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumların əməkdaşları fəaliyyət göstərir.
"IRNA" isə bildirib ki, ABŞ hərbçiləri Buşehr vilayətinin Çoqadak şəhərinə zərbə endirsə də, xəsarət alan olmayıb. Eyni zamanda Xuzistan vilayətinin Omidiye şəhərində partlayış baş verib.
İranın mərkəzində yerləşən Yəzd şəhərində ardıcıl bir neçə partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Bundan başqa ABŞ İranın Əhvaz şəhəri ətrafına raket zərbəsi endirib. Agentliyin məlumatına görə, İranın cənubunda yerləşən Lar şəhərinin ətrafında, Bəndər-Abbas şəhərində və Qeşm adasında da partlayışlar baş verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubu üzərində səmada ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.
Qeyd edək ki, ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb.
