İran Fars körfəzində baş verənləri atəşkəsin pozulması hesab edir
İran Fars körfəzində baş verənləri atəşkəsin pozulması hesab edir
ABŞ-nin Livandakı müharibəyə son qoymaq öhdəliyi İran üçün çox böyük qələbədir.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib.
"İran Hörmüz boğazından keçidin mütləq öz qaydaları ilə həyata keçirilməsini öhdəsinə götürür", - o bildirib və əlavə edib ki, İslam Respublikası hərtərəfli müharibə ilə üzləşib.
Onun sözlərinə görə, İranın müqavimət cəbhəsi Livanın cənubundan tutmuş, Yəmən və İraqa qədər uzanır:
"Əgər onlar danışıqlar prosesində öz öhdəliklərini yerinə yetirmək istəməsələr, biz müharibəyə hazırıq. Fars körfəzində son gecələr baş verən hadisələri atəşkəsin pozulması hesab edirik. Atəşkəs son dəfə pozulanda ABŞ-nin Bəhreyn və Küveytdəki bazalarına hücum edilib.
Bu proses memorandumun icrasına ciddi yanaşdığımızı göstərir.
Diplomatik sahədə də memorandum imzalandıqdan sonra dərhal həyata keçirilməli və ya onların icrası prosesinə başlanılmalı olan beş şərtin yerinə yetirilməsi üçün danışıqları davam etdirməyə çalışırıq".
Onun sözlərinə görə, ABŞ ilə danışıqlar anlaşma memorandumunun imzalanmasına qədər davam edib və sonra beş bəndin həyata keçirilməsi üçün dialoq aparılıb. "Hazırda heç bir danışıq aparılmır", - Qalibaf vurğulayıb.
