Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır
sizinxeber.az xəbər saytı

Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır


Azərbaycanla qaz tədarükü ilə bağlı mövcud olan 20 illik müqavilənin müddəti daha 20 il uzadılıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə "Imedi LIVE" telekanalının efirində danışıb.

Hökumət başçısı vurğulayıb ki, enerji sahəsində qaldırılan bütün məsələlər konkret danışıqlar və razılaşmalar yolu ilə həllini tapıb. Onun sözlərinə görə, Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır:

"Son illərdə Orta Dəhlizin rolu əhəmiyyətli dərəcədə artıb və 2020-ci ildən etibarən bu marşrut üzrə yük dövriyyəsi yeddi dəfə yüksəlib. Odur ki, biz bu imkanlardan maksimum istifadə etməliyik. Azərbaycanda imzalanan razılaşmalar müxtəlif istiqamətləri əhatə edir və onların hamısı Gürcüstanın tranzit funksiyasının inkişafına xidmət göstərəcək".

Baş nazir qeyd edib ki, qaz idxalı və tranziti ilə bağlı əldə olunan razılaşmalar ölkənin enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır: "Ən vacibi odur ki, biz lazımi həcmdə qaz əldə etdik. Bu isə ölkəmizin enerji təhlükəsizliyi üçün son dərəcə vacibdir".

Baş nazir Azərbaycan tərəfinə təşəkkür edərək bildirib ki, aparılan danışıqlar iki hökumət arasında standart proses deyil, dostlar arasında dialoq xarakteri daşıyıb:

"Son üç ildə fəaliyyəti dayandırılan Bakı-Tbilisi-Supsa boru kəmərinin işi də bərpa olunacaq. Bu layihənin dayanması Gürcüstana hər il on milyonlarla lari həcmində potensial gəlir itkisinə səbəb olurdu. Bakı-Tbilisi-Qars dəmir yolu ayın sonunda fəaliyyətə başlayacaq və Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsi bərpa olunacaq. Bütün bu razılaşmalar Gürcüstanın iqtisadi cəhətdən güclənməsi və regiondakı tranzit rolunun daha da artması üçün fundamental əhəmiyyətə malikdir".

Oxşar xəbərlər

İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə tam açığıq
Gürcüstanın strateji valyuta ehtiyatları rekord həddə çatıb
İrakli Kobaxidze: "BTQ-də işlər 98,5 % tamamlanıb, Azərbaycanla sərhədə doğru avtomobil yollarına start verilib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər