Hüquq müdafiəçiləri İranda İsrailin hücumu nəticəsində 900-ə yaxın insanın öldüyünü deyir
Hüquq müdafiəçiləri İranda İsrailin hücumu nəticəsində 900-ə yaxın insanın öldüyünü deyir
İndiyədək İranda İsrailin hücumu nəticəsində 865 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə mərkəzi ABŞ-də olan İranda İnsan Haqları Fəalları (İİHF) təşkilatı məlumat yayıb.
“İİHF-nin əldə etdiyi məlumata görə, münaqişənin əvvəlindən 25 ostan hədəfə çevrilib. Ölən və yaralananlar daxil olmaqla 4 261 nəfər hücumların qurbanı olub. Onlardan 865-i ölüb, 3 396-ı isə yaralanıb”, – təşkilat diqqətə çatdırıb.
Təşkilata görə, İsrail Müdafiə Qüvvələrinin hücumları 25 ostanda infrastruktur, hərbi və mülki obyektlər, yaşayış massivləri və sənaye obyektlərinə yönəlib.
“<…> Hərbi toqquşmaların doqquzuncu günündə hücumlar davam edib və bu dəfə Çahar-Mahal və Bəxtiyari, Simnan, İsfahan, Luristan, Xuzistan, Qum, İsfahan, Fars, Tehran, Şərqi Azərbaycan, Hörmüzgan, Həmədan və Kirmanşah ostanlarına hücum edilib”, – İİHF qeyd edib. Təşkilat vurğulayıb ki, “təhlükəsizlik vəziyyəti kritik olaraq qalır və gərginliyin dərhal azaldılması üçün aydın perspektiv yoxdur”.
Qeyd edək ki, daha əvvəl İranın Səhiyyə Nazirliyi münaqişədə ümumilikdə 430 nəfərin öldüyünü açıqlamışdı.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlamış və bunun məqsədinin Tehranın nüvə və raket proqramlarını pozmaq olduğunu bildirmişdi. Bir gündən az müddət sonra İslam Respublikası cavab hücumu həyata keçirmişdi.
Qarşılıqlı zərbələr davam edir.