Tramp: ABŞ Gürcüstanla münasibətləri gücləndirməyə sadiqdir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
21:30

Tramp: ABŞ Gürcüstanla münasibətləri gücləndirməyə sadiqdir

27 may, 2025
21:30
758

Tramp: ABŞ Gürcüstanla münasibətləri gücləndirməyə sadiqdir

ABŞ Prezidenti Donald Tramp gürcüstanlı həmkarı Mixail Kavelaşviliyə 26 May – Gürcüstanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda ikitərəfli münasibətlərin dərinləşməsinə ümid etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin administrasiyasının yaydığı məlumatda deyilir.

“Bu gün Gürcüstanda müstəqilliyin 107-ci ildönümünü – gürcü xalqının suverenlik, təhlükəsizlik və nəsillərdən nəsillərə ötürülən çətinliklər və çağırışlar fonunda milli kimlik uğrunda mübarizəsində əlamətdar tarix qeyd edilir. Administrasiyam Gürcüstan hökuməti ilə dinc və səmərəli münasibətləri gücləndirməyə sadiqdir”, - Tramp məktubda bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, gələcəkdə ədalətli ticarəti dəstəkləməklə və ikitərəfli əməkdaşlığın əhatə dairəsini genişləndirməklə ölkələr arasında iqtisadi əlaqələrin dərinləşəcəyini gözləyir.

Daha əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Trampa və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensə açıq məktub yazaraq, Vaşinqtonun iki ölkə arasındakı münasibətlərin yenidən qurulması perspektivləri ilə bağlı susqunluğunu anlamadığını bildirmişdi. Kobaxidzenin sözlərinə görə, hələlik onun məktubuna cavab gəlməyib.

Tiflis ilə Vaşinqton arasında münasibətlər 2024-cü ildə Gürcüstanın xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra xeyli pisləşib. Noyabrın 28-də Kobaxidzenin Avropa İttifaqına daxil olmaq üzrə danışıqların açılması prosesinin dondurulması ilə bağlı bəyanatından sonra ABŞ Dövlət Departamenti Gürcüstan ilə strateji tərəfdaşlığı dayandırıb.

Bizimlə əlaqə saxlayın