
Le Figaro: Makron cəmiyyətin etimadını və siyasi gələcək şansını itirir

Le Figaro: Makron cəmiyyətin etimadını və siyasi gələcək şansını itirir
Fransanın əhalisinin əksəriyyəti Emmanuel Makronun prezident postunda son 8 illik fəaliyyətini mənfi qiymətləndirir və onun 2032-ci ildə Yelisey sarayına qayıtmasını istəmir.
“Sizinxeber.az” xəbər verir ki, bu, “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone Consulting” şirkəti tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələrindən bəlli olub.
Belə ki, 14-15 may tarixlərində sorğuda iştirak edən min fransızın 71 %-i onun fəaliyyətini mənfi qiymətləndirib. Beləliklə, dövlət başçısına qarşı cəmiyyətdə etimadsızlıq 2022-ci ilin martından – onun ikinci müddətə seçildiyi vaxtdan bəri 19 faiz bəndi artıb. “Odoxa”da konsaltinq direktoru Ervan Lestroanın fikrincə, mənfi reaksiyanı parlamentdə səsvermədən yan keçərək qəbul edilmiş pensiya islahatı, həmçinin ötən ilin yayında cəmiyyət tərəfindən “rədd edilən və başa düşülməyən” hökumətin buraxılması təhrik edib.
Qəzet qeyd edib ki, Fransa prezidentinin 13 may axşamı TF1 telekanalında verdiyi üç saatlıq müsahibə belə tərəzinin gözünü öz xeyrinə əyməyə kömək etməyib. Üstəlik, Makron müsahibənin sonunda 2032-ci ildəki növbəti seçkilər barədə hələ düşünmədiyini bildirsə də (2027-ci ildə o, ardıcıl üçüncü müddətə namizədliyini irəli sürə bilməz), sorğuda iştirak edənlərin 84 %-i onu namizədlər arasında görmək istəmədiklərini bildiriblər. Bu addımı atacağına gəlincə, bir qədər çox – 60 % bunun baş verməyəcəyini düşünür, 39 % isə belə bir hadisənin mümkünlüyünü istisna etmir.