
Qazaxıstan İran və İsraildən təxminən 300 vətəndaşını təxliyə edib - EKSKLÜZİV

Qazaxıstan İran və İsraildən təxminən 300 vətəndaşını təxliyə edib - EKSKLÜZİV
Qazaxıstan indiyədək İrandan 230, İsraildən isə 66 vətəndaşını təxliyə edib.
Bu barədə “Sizinxeber.az”un yerli bürosuna Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
"Təxliyə çətin şəraitdə keçirilib. İrandan 230 nəfər, İsraildən 66 nəfər çıxardıq", - o qeyd edib.
A.Smadiyarovun sözlərinə görə, qazaxıstanlılar İsraildən Misir sərhədinə qədər avtobuslarla daşınıb, orada onları Qahirədə işləyən qazaxıstanlı diplomatlar qarşılayıb.
Qazaxıstanlıların İrandan təxliyəsi daha çətin olub, çünki üç ölkənin ərazisi vasitəsilə həyata keçirilib: Azərbaycan, Türkmənistan və Ermənistan.
"İlk olaraq diplomatlarımız insanları İranın müxtəlif yerlərindən toplayıblar. İnsanlar əsasən gecə vaxtı daşınırdılar. Sərhədlər bağlı idi. İran sərhədçilərinin gecə insanları buraxması, Azərbaycan və ya Türkmənistan sərhədçilərinin isə onları qəbul etməsi üçün çox səy göstərmək lazım gəldi", - o bildirib.
XİN-in rəsmi nümayəndəsi bu miqyaslı əməliyyatın həyata keçirilməsində göstərdikləri köməyə görə İran, Azərbaycan və Türkmənistan tərəflərinə bir daha təşəkkür edib: "Vətənə qayıda bilən qazaxıstanlılar indi təhlükəsizlikdədirlər".
A.Smadiyarov vurğulayıb ki, İranda hələ də 50 qazaxıstanlı qalır, onlar əsasən diplomatlardır və həmvətənlərinin ölkəyə qayıtmasına kömək etmək üçün orada qalacaqlar.
"İsraildə hələ də 170 qazaxıstanlı qalır. Əgər onlar İsraili tərk etmək istəsələr, qazaxıstanlı diplomatlara müraciət etməlidirlər", - o bildirib.