“Greenpeace”in həmtəsisçisi Fransadan sığınacaq istəyib
“Greenpeace”in həmtəsisçisi Fransadan sığınacaq istəyib
“Greenpeace” beynəlxalq ekoloji təşkilatının və “Sea Shepherd” təşkilatının təsisçilərindən biri Pol Uotson siyasi sığınacaq verilməsi xahişi ilə Fransa prezidenti Emmanuel Makrona məktub göndərib.
APA xəbər verir ki, bu barədə Parisdə mətbuat konfransı zamanı “Sea Shepherd”in nümayəndələri məlumat veriblər.
Təşkilatın Fransa bölməsinin sədri Lamya Essamlali məktubun bir neçə gün əvvəl göndərilməsinə aydınlıq gətirib. O, məktubun mətnini mətbuat konfransından sonra dərc edəcəyinə söz verib.
Qrenlandiya polisi Pol Uotsonu iyulun 21-də adanın ən böyük şəhəri Nuukda Yaponiyanın tələbi ilə saxlayıb və o, yapon balina ovçularına hücum etməkdə və onların işinə mane olmaqda günahlandırılıb.
Uotson özü ona qarşı irəli sürülən ittihamları qəbul etmir və vəkilləri hesab edirlər ki, onun Yaponiyaya ekstradisiyası Avropa İnsan Haqları Konvensiyasına ziddir, çünki onların fikrincə, Yaponiyada insan hüquqlarına riayət olunmur.
Qrenlandiya polisinin bəyanatında deyilir ki, Uotsonun həbs müddəti oktyabrın 23-dək uzadılıb.