ABŞ Türkiyəyə "F-35" tədarükü üçün "S-400"lərlə bağlı kompromis variantı nəzərdən keçirir
ABŞ Türkiyəyə "F-35" tədarükü üçün "S-400"lərlə bağlı kompromis variantı nəzərdən keçirir
ABŞ rəhbərliyi Türkiyəyə beşinci nəsil "F-35" qırıcılarının verilməsi variantlarından biri kimi, bu ölkənin silahlanmasında olan Rusiya istehsalı "S-400" hava hücumundan müdafiə sistemlərinin elementlərini sıradan çıxarmağı müzakirə edir.
Oxu.Az xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən ABŞ-nin "Semafor" portalı məlumat yayıb.
Portalın məlumatına görə, Vaşinqton belə bir ssenarini kompromis hesab edir. Çünki bu addım ABŞ Konqresinin Türkiyəyə "F-35" tədarükünə qoyduğu məhdudiyyətlərdən yan keçməyə kömək etməklə yanaşı, Ankaranın "S-400"lərdən tamamilə imtina etməməsinə də imkan yaradacaq.
Buna baxmayaraq, ABŞ Prezidenti Donald Trampın Administrasiyası Vaşinqtonun Türkiyəyə "F-35" qırıcılarını hansı yolla satacağı ilə bağlı hələlik yekun qərar qəbul etməyib.
İyulun 7-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə Tramp bildirib ki, Vaşinqton Administrasiyası Türkiyəyə "F-35" qırıcılarının verilməsi imkanını nəzərdən keçirəcək. Çünki bu, ikitərəfli əlaqələri gücləndirə bilər. Ərdoğan isə öz növbəsində ABŞ-nin "F-35" məsələsində müsbət qərar verəcəyinə ümid etdiyini vurğulayıb.
İyulun 8-də Ankarada keçirilən sammit çərçivəsində NATO-nun baş katibi Mark Rütte ilə görüşən Tramp Türkiyənin beşinci nəsil "F-35" qırıcılarını alacağını bəyan edib.
Qeyd edək ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2.5 milyard dollar dəyərində dörd divizion "S-400" sistemi alıb. 2019-cu ilin oktyabrında "Rostex" dövlət korporasiyasına daxil olan "Rosoboroneksport" şirkəti sistemlərin tədarükü üzrə müqavilənin icra edildiyini açıqlamışdı. Türkiyə və Rusiya arasında "S-400" tədarükünə dair müqavilə bağlandıqdan sonra Ankara ABŞ-nin yeni nəsil "F-35" qırıcılarının hazırlanması proqramından kənarlaşdırılıb.
