29 il əvvəl itirdikləri övladlarını hələ də gözləyən Şirməmmədovlar ailəsi – VİDEO

Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin Vətən müharibəsində qalib gəlməsi və ərazi bütövlüyünü bərpa etməsindən sonra başa çatsa da, münaqişə zamanı erməni tərəfinin əsir və girov götürdüyü minlərlə azərbaycanlının aqibəti hələ də naməlum olaraq qalır. 

Rəsmi rəqəmlərə görə, 3890 nəfər həmyerlimiz itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 

Onlardan biri də İmişlinin Murğuzalı kəndinin yetirməsi, Birinci Qarabağ müharibəsində itkin düşmüş Teymur Şirməmmədovdur. 

O, 1973-cü ilin dekabrın 30-da anadan olub, 1992-ci il aprelin əvvəlində hərbi xidmətə yola düşüb. Mingəçevirdə 3 aylıq təlimdən sonra kəşfiyyatçı kimi Ağdərənin Həsənqaya istiqamətində gedən döyüşlərə qatılıb. 

Bir müddət sonra Teymur Şirməmmədovun itkin düşməsi barədə ailəsinə məlumat verilib. Doğmaları cəbhə xəttində axtarışlar aparsalar da, nəticəsiz qalıb.

Sonradan onların evinə üçrəngli bayrağa bükülmüş tabut gətirilib və Teymurun nəşi olduğu bildirilərək kənd qəbirstanlığında torpağa tapşırılıb. 

Teymurun qardaşı bildirir ki, daha sonra onların evinə Füzuli rayon polis şöbəsindən zəng gələrək qardaşlarının şəhid olmadığı, onun itkin düşdüyü deyilib.