“27 il ərzində Vasif Talıbov və onun ətrafı korrupsiya və qanunsuzluqlarla məşğul olub. Naxçıvanda çox özbaşınalıqlar baş verib. Ona görə də Talıbovların zəbt etdiyi ərazilər sökülməlidir”.
Turkustan.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə Şahbuz rayonunun Kolanı kəndində yol kənarında tikilən hasarın sökülməsi haqda danışarkən deyib.
O bildirib ki, V.Talıbov sahibkarların yolunu bağlamaqla yanaşı mülklərini də mənimsəyib:
“O, sahibkarların əllərindən zavodlarını və sexlərini alıb. Bunlardan biri də məşhur “Badamlı” şirkətidir. Nə qədər gəlir gətirən müəssisələr var, hamısını qeyri-qanuni, məhkəmə olmadan, məcburi şəkildə sahibkarlardan alırmış.
Talıbov Kolanı kəndində çəkdirdiyi hasarla insanların yolunu bağlayıb ki, kənd camaatı öz heyvanlarını otlaqlara apara bilməsinlər. Bütün bu özbaşınalıqlara görə neçə ailə Naxçıvanı tərk edərək Türkiyədə ən ağır işlərdə çalışmağa məcbur qalıblar. Naxçıvanda elə bir mühit yaradılmalıdır ki, insanlar qardaş ölkədə ağır işlərdə işləməkdənsə, qayıtsınlar öz doğulduqları torpaqlarda işləyib, ailələrini dolandıra bilsinlər”.