Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun İranla gizli əlaqələrinin olması barədə iddialar ciddi şəkildə araşdırılmalıdır.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, naxçıvanlı deputat Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, iddialar hüquq-mühafizə orqanları tərəfindən təsbit olunmalıdır. Deputat bildirib ki, bundan sonra Vasif Talıbovun Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsindən azad edilməsi məsələsinə baxıla bilər.
F.Mustafanın fikrincə, ciddi şəkildə araşdırmalar aparılsa, müəyyən vəzifələrdə çalışan şəxslərin İranla bağlılığı ortaya çıxa bilər:
“Ümumiyyətlə, İranla bağlı fikirlər çox səslənir. Bəli, ciddi araşdırmalar aparılarsa, müəyyən dövlət orqanlarında vəzifələrdə işləyən şəxslərin İranla bu və ya digər şəkildə bağlılığı ortaya çıxa bilər. İranın açıq-aşkar maraqlarının, xüsusilə də, xürafatın, cəhalətin təbliğatının aparılması elə-belə səbəbsiz deyil. Ona görə də bu məsələyə xüsusi həssaslıqla yanaşılmalıdır. İrandan qaynaqlanan ideoloji mövqe bizim üçün ən böyük təhlükədir. Bir çox insanlar savadsızlığından İran təbliğatının girovuna çevrilib. Öz ölkələrinə qarşı hər cür xəyanəti etməyə hazırdılar. Din, məzhəb, ya da başqa hansısa adlar altında İran təbliğatına xidmət edən insanlar var. Vasif Talıbovla bağlı məsələ də ciddi informasiyadır. Əgər bu informasiya öz təsdiqini tapsa, bu, Azərbaycanın milli maraqlarına çox ciddi zərbə vura biləcək fakt olardı. Yenə deyirəm ki, məsələnin çox ciddi və peşəkarcasına araşdırılmasına ehtiyac var”.
Qeyd edək ki, Vasif Talıbov 21 dekabr 2022-ci ildə Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Onun 27 ildən sonra Naxçıvanın rəhbəri postundan ayrılması geniş müzakirə predmetinə çevrilib və V.Talıbovla bağlı iddialar hələ də səngimək bilmir. İstefasıdan sonra deputat mandatında qalan eks-sədrin İranda gizli əlaqələr qurması və Azərbaycana xəyanəti son günlərin ən çox müzakirə olunan mövzuları sırasındadır.
Onu da bildirək ki, bu yaxınlarda YAP-ın Naxçıvan təşkilatının sədrliyindən uzaqlaşdırıldığı deyilən Vasif Talıbov hazırda Milli Məclisin Azərbaycan-İran parlamentlərarası işçi qrupunun sədri vəzifəsində qalır. Onun tezliklə bu vəzifəsindən də kənarlaşdırılacağı gözlənilir.