
ÜTT Bakı Bəyannaməsinə uyğun olaraq dayanıqlı inkişaf üzrə çərçivə proqramı hazırlayır

ÜTT Bakı Bəyannaməsinə uyğun olaraq dayanıqlı inkişaf üzrə çərçivə proqramı hazırlayır
Ümumdünya Turizm Təşkilatı (ÜTT) Bakı Bəyannaməsinə uyğun olaraq dayanıqlı inkişaf üzrə çərçivə proqramının yaradılması üzərində işləyir.
"Sizinxeber.az" xəbər verir ki, bunu təşkilatın icraçı direktoru Nataliya Bayona Bakıda keçirilən BMT-nin Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O xatırladıb ki, 2024-cü ildə COP konfransı çərçivəsində dayanıqlı inkişaf üzrə Bakı Bəyannaməsi qəbul edilib: “İndi, 2025-ci ildə sosial, iqtisadi və ekoloji dayanıqlılıq məsələlərini əhatə edən çərçivə proqramı üzərində iş aparılır”.
N.Bayona, Azərbaycanın ÜTT-nin fəaliyyətində əsas rol oynadığını vurğulayıb: "Birincisi, Azərbaycan İcraiyyə Şurasının tərkibinə daxildir - bu bizim əsas rəhbər orqanımızdır. İkincisi, ölkə BMT-nin himayəsi altında olan beynəlxalq konfransları uğurla təşkil edərək özünü etibarlı və səmərəli tərəfdaş kimi göstərib".
Onun sözlərinə görə, hazırkı iclas həm qlobal turizm sektorunun vəziyyətinin müzakirəsinə, həm də üzv dövlətlərlə birlikdə hazırlanmış ixtisaslaşdırılmış proqram olan Avropa üzrə regional gündəliyin həyata keçirilməsinin gedişatının təhlilinə həsr olunub.
N.Bayona əlavə edib ki, bundan əlavə, görüşün mühüm məqsədi BMT agentliyi çərçivəsində keçiriləcək seçkilərə hazırlıqdır: “Biz komitələrin tərkibini formalaşdırır, İcraiyyə Şurasının tərkibini yeniləyirik. Noyabrda Ər-Riyadda keçiriləcək və iştirakçı ölkələrin bütün nazirlərini bir araya gətirəcək növbəti Baş Assambleyaya səmərəli hazırlığı təmin etmək üçün bu gün hər bir bölmə üzrə seçkilər keçirilir".