Sizin Reklamınız Burada ola bilər!
featured

Tanınmış rejissor Preizdent Ilham Əliyevə açıq məktub ünvanladı

Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
Cənablarına

Əməkdar İncəsənət xadimi,
“Qızıl Dərviş” mükafatşısı
Qurbanov Oruc İzzətoğlu tərəfindən

Ərizə

Hörmətli cənab Prezident!
Mən 1949-cu ildə Bakı şəhərində anadan olmuşam. Atam 1954-cü ildə “Paris kommmunası” zavodunda iş vaxtı faciəvi surətdə həlak olub və mən Bakı şəhərinin 8 saylı internat məktəbində təhsil almışam. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunu, daha sonra Mədəniyyət Nazirliyinin göndərişi ilə 1979 – 80 ci illərdə Moskvada görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirmişəm. 55 ildir ki, professional teatr sahəsində çalışıram. Yüzə yaxın teatr, bir o qədər də radio-televiziya tamaşalarına quruluşlar vermişəm. Bu illər ərzində Mədəniyyət Nazirliyinin sərəncamı ilə bir neçə teatrda baş rejissor vəzifəsində çalışmışam.
1994-cü ildə ilk dəfə Xocalı soyqrımına həsr olunmuş “Haray” bədii filmini, 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş “Haqqa doğru” sənədli-bədii televiziya filmini çəkmişəm. Bu filmlər yüksək bədii qiymətini alıb və mütəmadi olaraq telekanallarda nümayiş etdirilir. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olmuşam. Həmin tədbirlərin professional səviyyəsini H. Əliyev cənabları vaxtında qiymətləndirib. 2002-ci ildə Ümummilli Liderimiz H. Əliyevin fərmanı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşəm.
2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın Paşayevin 100 illiyi münasibəti ilə “Dirilən adam” romanı əsasında səhnələşdirdiyim eyniadlı pyesi tamaşaya qoymuşam. Bu tamaşa 2006-cı ildə ilin ən yaxşı tamaşası və ilin ən uğurlu rejissoru kimi də “Qızıl Dərviş” mükafatına layiq görülmüşəm.
2007-ci ildə Akademik Musiqili Teatrda hazırladığım və liberetto müəllifi olduğum “Şəhərdə manyak var” və Ə. Əmirlinin “Yeddi məhbusə anası” tamaşası Azərbaycan Dövlət Televiziyasında ilin ən yaxşı tamaşası kimi qeyd olunmuşdur.
2007-ci ildə xalq yazıçısı İ. Əfəndiyevin “Geriyə baxma, qoca” romanı əsasında xalq yazıçısı Elçinlə birgə Qarabağ tarixinə həsr olunmuş eyniadlı dram əsərini səhnə üçün işləmişik.
2011-ci ildən 2020 ci ilə qədər möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə prezident mükafatına layiq görülmüşəm. Lakin nə səbəbdənsə 2020 ci ildən almıram. Təsəllim bu olub ki, bəlkə Prezident təqaüdü verildi…
Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərirəm. On beş cild həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram
əsərlərinin müəllifiyəm. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, Elmi-dini şurada müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb.

Molla Nəsrəddinin yubileyi münasibətilə “Molla Nəsrəddinin Teymurləngi ram etməsi” kino-romanımı bitirmişəm. Son ədəbi işim “Ağa Məhəmməd şah Qacar” kino-ssenarisidir. Hal hazırda Akademik Musiqili Teatrda Gövhər Həsənzadə və Əmir Pəhləvanin “Sevənlərindir Dünya” tamaşasını hazırlayıram.
Mən incəsənətimiz üçün daima çalışdığıma baxmayaraq sıxıntılı bir şəraitdə yaşayıb yaradıcılıqla məşğul oluram. Binəqədi rayonu, Ş. Rəhimov küçəsi – 55, mənzil 2-də 29,33 kv metrlik mənzildə “Paris kommunası” zavodu tərəfindən bizə 1960-cı ildə verilən mənzildə yeddi nəfər yaşayırıq. Oğlum üçüncü qrup əlildir. Bu yaxınlarda ilk övladı ünyaya gələcək.
Ekranlaşdırdığım “Haray” bədii filmi Azərbaycan kino tarixində yeganə filmdir ki, bütün dördaylıq çəkilişlər gecələr, şaxtalı havada, Qarabağın qarlı dağlarında çəkilib. Həmin çəkilişlər zamanı soyuqlayaraq bir müddətdən sonra cərahiyyə əməliyyatına məruz qalıb bir böyrəyimi itirdim, ömürlük II qrup əlil oldum. Vaxtaşırı hər üç aydan bir Xəzər Dəniz Gəmiçiliyi Xəstəxanasında həkimlərin müayinəsindən keçirəm. Hal hazırda illərdir ki, maddi ehtiyacdan sağlamlığımın qeydinə qala bilmirəm.
Nəzərinizə çatdırım ki, vəziyyətimlə bağlı uzun illərdir ki, dəfələrlə rəsmi orqanlara müraciət etmişəm. Hər dəfə də bildirilib ki, mənzil məsələsi üçün özəl sektora müraciət edim. Mənim isə buna heç vaxt imkanım çatmayacaq.
Hörmətli cənab Prezident! Elm, mədəniyyət, incəsənət xadimlərinə göstərilən diqqət, qayğı və hörmət neçə-neçə ailələrə sevinc, firavan həyat bəxş etmişdir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, sənət adamlarına göstərdiyiniz qayğıdan qarşıdan gələn 73 illiyim ilə əlaqədar mənim ailəmə də həsrətində olduğumuz sevinc payını hədiyyə edəsiz.
Allah-taaladan Sizə can sağlığı, uzun ömür, uğurlar diləyirəm!
Hörmətli cənab İlham Əliyevicazənizlə yaradıcılığım barədə hörmətli alim və ziyalıların rəylərini diqqətinizə çatdırım. Bu rəy toplularını Turan xanım Cavidə hədiyyə etdiyim üçün Hüseyn Cavidin ev muzeyində saxlanılır.

Oruc İzzətoğlu-Qurbanovun yaradıcılığı haqqında RƏYLƏR
“… Oruc Qurbanov çox-çox sonra İzzətoğlu imzasını qəbul edib. Bunu özü belə izah edir: “Atam barədə heç bir xatirəm yox idi. Yeganə ikinci dünya müharibəsində cəbhədə çəkdirdiyi fotoşəkildən başqa. Ona baxanda təsəlli tapırdım. Atamın varlığını fikirləşirdim… İzzətoğlu imzasını qəbul etdikdən sonra ürəyim sanki atamı tapdı. Hər dəfə “İzzətoğlu”- deyə eşidəndə tənhalığımı unuduram. Mənə elə gəlir ki, atamın ruhu daim mənimlədir”.
Biz də arzu edirik ki, yeni-yeni gözəl əsərlərin üzərində İzzətoğlu imzası yazılsın”.
Yasif Nəsirli
Əməkdar incəsənət xadimi,
Filologiya elmləri doktoru.
***
“Bu axşam Sumqayıt teatrında baxdığım tamaşa uzun müddət mənim yadımdan çıxmayacaqdır. Yorgunluğuma baxmayaraq, tamaşadan, artistlərin, xüsusilə Afətin rolunu ifa edən Hicran xanımın oyunu, rejissor, rəssam, bəstəkar və əsərin quruluşunda iştirak edən səhnə ustalarının işi mənə çox dərin təsir bağışladı. Zənnimcə, bu tamaşa müasir teatrımızın tarixində ən parlaq səhifələrdən birini təşkil edəcəkdir.
Arzum budur ki, bu tamaşa Bakıda Əzizbəyov adına Dram Teatrda, xüsusilə müəllifin vətəni Naxçıvan teatrında da göstərilsin ki, tamaşaya mümkün qədər çox tamaşaçı baxa bilsin. Gənc teatrımızın və gənc artist və incəsənət xadimlərimizin yüksək səviyyəli, fədakar işinə qiymətləndirə bilsin. Öz tamaşanızla məftun etdiyiniz qoca Əziz Şərifin təşəkkürünü qəbul edin!”
Əziz Şərif
M. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru
***
“Gözəl tamaşa ilə sizi təbrik edirəm. Xəstə halda tamaşaya gəlmişdim. Böyük zövqlə tamaşa etdim. Mənə elə gəlirdi ki, Parisin ən yaxşı teatırlarında tamaşaya baxıram. Tamaşanın proqraması zövqlə tərtib edilib. Fransuz stilli, maneralı tamaşadır. Afəti oynayan aktrisanıza əhsən. Hamı yaxşı oynayırdı. Sağ olsun Oruc Qurbanov”.
Niyazi
SSRİ Xalq artisti
***
“ Oruc! “Afət” tamaşasına böyük həvəslə, maraqla baxdım. Gözəl bir tamaşa, yaxşı bir rejissor işi gördüm. Uğurlar, daha böyük müvəffəqiyyətlər arzulayıram”.
Mehdi Məmmədov
SSRİ Xalq artisti, profesor
***
“Hörmətli Oruc! İncə zövqlə,yüksək mədəniyyətlə, böyük məhəbbətlə yaratdığın “Afət” tamaşasından aldığım təsir, duyduğum hislər üçün çox sağ ol, uzun illər var ol, yaşa, yarat!”
Turan Cavid

***

“Gözəl tamaşadır. Çox təsirləndim. Baş rolu oynayan gənc aktyoru mən gələcəkdə türk dünyasının ulduzunu görürəm. Mən düşünməsdim ki, Nazim Hikmətin “Damokl qılıncı” dramını “11sentyabr” hadisələri ilə bağlamaq olar”.
Şenol Dəmiröz
İstanbul Böyükşəhər Bələdiyyəsinin
Sosial və Kultur İşlər Üzrə Dairə Başqanı

***
“Zaman” teatrı bizi kövrəltdi. Oruc İzzətoğlunun Həzrət Əlinin (ə) şəhadətinin 1385 illiyinə həsr olunan “Xəyanət” tamaşası böyük rəğbətlə qarşılandı”.
“Nəbz” qəzeti” 04.11.2004.

Oruc bəyin çəkdiyi “Haray” bədii filmi olduqca təsirli və qiymətli filmdir. Hər döyüşdən qabaq bu filmi Azərbaycan əskərinə göstərmək lazımdır ki, bu günahsız cocuqların qisasını düşməndən amansizcasina alsınlar.
Xəlil Rza
Xalq şairi

***
“Mehriban xanım Əliyeva foyedə görkəmli elm, mədəniyyət və ədəbiyyat xadimləri ilə söhbətində yeni səhnə əsəri barədə fikir mübadiləsi apardı, yaradıcı kollektivin üzvlərini uğurlu tamaşa münasibəti ilə təbrik etdi.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, Prezidentin İcra Aparatının humanitar şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov və digər rəsmi şəxslər tamaşada olmuşlar”
AzərTAc
“Azərbaycan” 28 may 2005

*** “Tamaşa çox xoşuma gəldi, yaxşı baxılır, maraqlıdır. Rejissor işi çox uğurludur, aktyor tərkibi də yaxşı seçilib.Teatrşünas Məryəm Əlizadə: “ Tamaşa alınıb. Əgər mən özümü tamaşaçı hesab edə bilirəmsə, deməli alınıb.Bir sözlə, Oruc Qurbanov Mir Cəlal Paşayevin “Dirilən adam” əsəri ilə ölüm ayağında olan teatrımızı diriltdi”
RAMİLƏ QURBANLI
“Xəzər” cümə 27 may 2005.

***
“Mən sizin dili bilməsəm də “Xilaskar” tamaşadan mənə hər şey aydın oldu. Olduqca gözəl, cazibəli tamaşa hazırlamısız.
Hamınızı təbrik edirəm”
Eduard Şevernadze
Gürcüstan Respublikasının sabiq prezidenti 2009

***
Академический национальный театр Азербайджана в самой середине июля предложил вниманию публики премьерный спектакль, не только собравший полный зал, но и вызвавший ее оживленную реакцию…«Олигарх», которая прозвучала в мастерски сделанной заслуженным деятелем искусств Азербайджана Оруджем Иззетоглу постановке при участии большой группы любимых бакинцами актеров…Здесь как никогда понадобились талант и опыт этого уважаемого мастера, чтобы занятые в премьере актеры ярко сыграли двухактную комедию о людях, прямо скажем, оскорбляющих достоинство всех нас…С учетом того, что у театра такой мощный потенциал, хочется пожелать этому коллективу побольше тонких, аналитических пьес на злобу дня, которые интересно играть актерам и которые с жадностью искушенных театралов будут смотреть зрители.
Галина МИКЕЛАДЗЕ, И.А.
17.07.2012 19:00
БАКУ, – 1NEWS.AZ

***
Mirzə Fətəli Axundzadə dramaturgiyası tarixində Oruc izzətoğlunun müəllifin 200 illiyi münasibəti ilə hazırladığı “Mürafiə vəkilləri” tamaşası ən möhtəşəm tamaşadır.
Aydın Dadaşov
Sənətşünaslıq doktoru

***
“Nuh Peyğəmbər” romanının təqdimat mərasimindən
“Çox danışmaq olar Orucun kinodakı fəaliyyətindən, film çəkməyindən, ssenarilərindən. Oruc çoxtərəfli, çox istedadlı rejissorlarımızdan, yazıçılarımızdan, ziyalılarımızdan biridir. Son olaraq sizə bu gün təqdim olunan sizin müzakirənizə verilən “Nuh Peyğəmbər” romanı gündəmə gəlib. Orucun qələmindəki orijinallıq o biri əsərlərində də özünü göstərir. Bu əsər isə sırf tam orijinal, azərbaycan ədəbiyyatı tarixində bizim son dövrlərdə yaranan əsərlərimizin içində öz orijinallığı ilə, üslubu ilə seçilən çox ciddi əsərlərdən biridir. Çox qiymətli əsərlərdən biridir. Əvvəla roman-əsatir sənətkarlıq cəhətdən, üslubu cəhətdən, sujet-kompozisiya cəhətdən çox ustalıqla qurulub. Burdakı bütün hadisələr… bu boyda romandakı hadisələr cəmi-cümlətani bir gecədə cərəyan edir. Bir gecənin hadisələrini böyük bir romana sığışdırmaq və bu gecədəki hadisələri, mənəvi, ictimai, əxlaqi, tarixi hüdudları isə Nuh Peyğəmbər dövründən… bir az da ondan irəlidən, ümumiyyətlə bəşəriyyətin keçdiyi yol, o tarixlə bir yerdə vəhdətdə vermək bacarığı son dərəcə sənətkardan ümumiləşdirmək tələb edən hadisədir. Oruc bunun öhdəsindən məharətlə gələ bilib”.
Xalid Əlimirzəyev
Filologiya elmləri doktoru
11.07.2003
***
“…mən hesab edirəm ki, bu, müasir nəsrimizdə roman-pritça janrının nümayişi olan, bu janrın çərçivəsini genişləndirən, bu çərçivədə yeni söz deyən bir əsərdir… …. Hesab edirəm ki, müasirliyə baxışın və tarixi hadisələrin fonunda müasirliyin qışqıran ziddiyyətlərinin bədii, poetik ifadəsi birbaşa 90- cı illər nəsrində Oruc İzzətoğlunun adı ilə bağlıdır və mən bir oxucu kimi, kitabın ilk oxucusu kimi Oruc bəyə minnətdarlığımı bildirirəm. Və hesab edirəm ki, bu əsər haqqında yazılacaq, bizim ümumi nəsr tənqidçilərinin diqqətini cəlb edəcək.
Mürşüd Məmmədli
Filologiya elmlər namizədi
***
QAFQAZ MÜSƏLMANLAR İDARƏSİ QAZİLƏR ŞURASI VƏ ELMİ DİNİ ŞURANIN TOPLANTISI.
“Oruc İzzətoğlunun “ VII İmam Museyi Kazım” əsəri gec-tez səhnəyə gələcək. Siz müəllif kimi onu düz deyirsiniz ki, dinlə incəsənət arasında müəyyən bir körpü yaratmaq lazımdır. Siz bunu yaratmaq istəyirsiniz. Biz də istəyirik ki, sizə kömək edək… Amma o adamlar ki… İmam Museyi-Kazımı səsləndirəcək, sənətçinin şəxsi keyfiyyətləri zəngin və yetkin olmalıdır”.
Şeyxülislam Hacı Allahşükür Paşazadə
***
“Mən hörmətli dramaturq İzzətoğlunu birinci kərə bu gün gördüm və çox şad oldum tanış olmağımıza… qiyabi də olsa… Amma belə bir köhnə məsəl var, hamı onu artıq məsələ çevirib “Şəxsin bilinər rütbeyi-əqli əsərindən”. Bu kişinin, tanımadığım-bilmədiyim bu kişinin bu əsərini oxuyanda onun əqlinin dərəcəsi, istedadı, bir dramaturq istedadı məni cəlb etdi. Mən bu cəhətdən əsərindən razıyam. Onunla da çox razıyam ki, o, özü öz əsərini məqsədini, onu qələmə aldıqda izlədiyi məramı çox düzgün ifadə elədi. Biz uzun müddət çaşmışıq. İdeal qəhrəman dedikdə, qondarma qəhrəmanlardan danışmışıq… ”.
Bəkir Nəbiyev,
akademik
***
“Mən Bəkir müəllimlə tamamilə razıyam. Həqiqətən də, oxuduqca bütün o Bağdad… onu da deyim ki, İmam Museyi-Kazimiyə məscidində olmuşam, türbəsində də olmuşam və bildiyiniz kimi bizim bir dahimiz də orda dəfn olunub. Bütün o lövhələr gəlib mənim gözlərim önündə canlandı.
Mən bu əsəri dolğun pyes kimi, bədii əsər kimi bəyənmişəm. Və Bəkir müəllimin fikrinə qoşuluram. Onun çapına da bir pyes kimi razıyam”.
Fuad Qasımzadə,
akademik
***
“Pyesi mən də bəyənirəm və qərarım da yaxşıdır. Azərbaycan səhnəsinin bugünkü inkişaf səviyyəsi bu dəqiqədə belə ciddi əsərlərin səhnə təcəssümünə imkan vermir. İnanırıq ki, inşaallah beş ilə bu səviyyəyə gəlib çatacağıq, onda bizim Qazilər şurası da, Elmi dini şura da həmin əsərlərin təcəssümünü də məsləhət biləcək, tövsiyyə edəcək. Amma bu gün biz sizin o gözəl əsərinizin çap olunmasını məsləhət bilirik, səhnə təcəssümünü də buraxaq zamanın öhtəsinə. İnşaallah zaman yetişər, bizim artislərin də səviyyəsi gəlib o səviyyəyə çatar, biz də inşallah onu səhnədə görüb feyziyyab olarıq. Uğurlar olsun, Oruc müəllim. Gec-tez bu həll olunacaq. Hələlik çap elətdirin, sonrasına baxarıq. Sağ olun”.
Vasim Məmmədəliyev
Milli Elmlər Akademiyasının Həqiqi üzvü,
Elmi dini şüranın sədri.

Hörmət və ehtiramla: Qurbanov Oruc İzzət oğlu
14. 12. 2021

 

 

 

 

 

 

 

 

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Tanınmış rejissor Preizdent Ilham Əliyevə açıq məktub ünvanladı

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica