featured

Tanınmış aktyor Miraslan Ağayevin 65 illik yubileyi qeyd olunub- Ağaddin Babayev

Lənkəran Dövlət Dram Teatrının aktyoru Miraslan Əzizəli oğlu Ağayevin 65 illik yubileyi qeyd olunub. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan teatrın direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən İntiqam Hacılı aktyorun yaradıcılıq fəaliyyəti barədə məlumat verərək yubilyara ünvanlanmış təbrik məktubunu oxuyub.

Qeyd olunub ki,  M. Ağayev 18 mart 1958-ci ildə Lerik rayonunun Tikəband kəndində anadan olub.  1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti kimi əmək fəaliyyətinə başlayıb, həmçinin teatrın tamaşalarında epizodik rollarda istedadını sınayıb. 1976-78-ci illərdə hərbi xidmət keçərək, yenidən doğma teatrda yardımçı aktyor ştatına qəbul olunub.

Miraslan Ağayev 1987-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. 1975-ci ildən hazırki dövrə kimi Lənkəran Dövlət Dram Teatrının truppasında çalışan aktyor ötən müddət ərzində bu sənət məbədgahının səhnəsində 100-ə yaxın müxtəlif xarakterli rolda çıxış edib. Onun ifa etdiyi Əbdüləli bəy (“Sevil”, C.Cabbarlı), Hacı Baxşəli (“Ölülər”, C.Məmmədquluzadə), Molla Həmid (“Molla İbrahim Xəlil”, M.F.Axundov), Murtuz (“Uca dağ başında”, V.Səmədoğlu), Pollada (“Şeytanın oyunları”,  M.Xubai), Sərkərdə (“Vaqif”, S.Vurğun), Bibo (“Çinari manifesti”, A.Çxaedzе), Polkovnik Lıskov (“Bir ovuc torpaq”,  H.Allahyarov),  Kamal (“Mamoy kişinin yuxuları”,  V.Səmədoğlu),  Sobokeviç  (“Ölü canlar”, N.Qoqol), Hatəm (“Əcnəbi kürəkən”, M.Məmmədov), Vəkil (“Varlı qadın”, Ə.Əmirli) Qastone (“Ruhlar”, E.D.Filippo), Vəzir (“İlan Sultan”, B.Beyzayi), Molla Möhsün (“Vəfalı Səriyyə”, C.Cabbarlı), Mustafa xan Ustaclı (“Qanlı namə”, İ.Əlfi), Şirşəmsəddin (“Casus”, K.Abdulla)  və onlarla bu kimi obrazlar M.Ağayevin rəngarəng yaradıcılıq dəst – xəttinin parlaq nümunələrindən sayılır.

Diqqətəlayiq haldır ki, istedfadlı sənətçinin oynadığı səhnə əsərlərindən C.Məmmədquluzadənin “Ölülər” və Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının “Qızıl Fоndu”nda saxlanılmaqdadır.

Aktyor həmçinin “Durnalar qayıdanda” (Əsgər), “Susmuş vicdan” (Deputat),  “Sevginin göz yaşları” (Ata), “Günəşim ol” (Qafur) və digər bədii  televiziya filmlərində yaddaqalan rollarda çəkilib.

Teatrda çalışdığı müddətdə M.Ağayev Lənkəranın ictimai və mədəni həyatında da fəallıq göstərib, dövlət əhəmiyyətli tədbirlərdə nümayiş etdirilən teatrlaşdırılmış tamaşalarda, ədəbi-bədii kompozisiyalarda çıxış edib.

İctimai fəallığı nəzərə alaraq ona Teatr Həmkarlar Təşkilatının sədri кими məsul vəzifə həvalə olunub.

M.Ağayevin əməyi dəfələrlə Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Lənkəran teatrının rəhbərliyi tərəfindən təşəkkürnamə və fəxri fərmanlarla dəyərləndirilib.

Yubiley tədbirində teatrın baş rejissoru Anar Babalı, aktyorlardan Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Əbülfəz Axundov, Allahverən Babayev, Hikmət Cəfərov, teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayev və digərləri yubilyar haqqında ürək sözlərini dilə gətirməklə ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda Miraslan Ağayevə teatrın rəhbərliyi adından fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.

Tədbirin yekununda çıxış edən yubilyar M.Ağayev səhnə fəaliyyətini bundan sonra da şövqlə davam etdirəcəyini bildirərək, əməyinə verilən dəyərə görə minnətdarlığını çatdırıb

 ( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )

Sizinxeber.Az

Tanınmış aktyor Miraslan Ağayevin 65 illik yubileyi qeyd olunub- Ağaddin Babayev

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!