Şamaxıda müharibə veteranları arasında I Ümumrespublika "Yenilməzlər" minifutbol yarışına start verilib
Şamaxıda müharibə veteranları arasında I Ümumrespublika "Yenilməzlər" minifutbol yarışına start verilib
Şamaxıda 44 günlük Vətən müharibəsi veteranları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş I Ümumrespublika "Yenilməzlər" minifutbol yarışı layihəsinin rəsmi açılışı baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, "YAŞA Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-vətənpərvərlik layihəsinin ilk regional mərhələsinə Şamaxı ev sahibliyi edib.
Tədbirlər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlayıb.
Mərasimdə layihənin müəllifi və rəhbəri, "YAŞA Azərbaycan"ın direktoru Şahanə Quluzadə, əməliyyat məsələləri üzrə direktor Anastasiya Lavrina, yerli icra hakimiyyətinin nümayəndələri, Şamaxi rayonu Gənc Qazilər Birliyinin sədri Elvin Məmmədli, Birinci və İkinci Qarabağ müharibələrinin veteranı, Abşeron Rayon Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri Saleh Hacıyev, eləcə də 44 günlük Vətən müharibəsinin veteranları iştirak ediblər.
Tədbirin fəxri qonaqları Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam İsmayıl Hacıyev, Azərbaycan futbol millisinin baş məşqçisi Ayxan Abbasov olublar.
Rəsmi mərasimdən sonra şəhər stadionunda yarışların ilk regional mərhələsinə start verilib. İştirakçılar və qonaqlar layihəyə ilk qoşulan veteran komandası ilə tanış olub, onların məşq prosesini izləyiblər.
"Yenilməzlər" layihəsi veteranları idman vasitəsilə bir araya gətirən, onların fəal ünsiyyətinə, komanda ruhunun möhkəmlənməsinə və ictimai həyata daha fəal inteqrasiyasına töhfə verən uzunmüddətli sosial-vətənpərvərlik təşəbbüsüdür. Layihə Prezident İlham Əliyevin veteranlara göstərdiyi davamlı diqqət və qayğının, onların sosial rifahının və cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsinə yönəlmiş dövlət siyasətinə əlavə töhfə verməyi qarşısına məqsəd qoyur.
Yarışlar Azərbaycanın müxtəlif bölgələrində davam etdiriləcək və ölkənin müxtəlif regionlarını təmsil edən 12 veteran komandasını bir araya gətirəcək. Layihənin final mərhələsi noyabrın 8-də - Zəfər Günündə keçiriləcək və Ümummilli Lider Heydər Əliyevin adına I Ümumrespublika "Yenilməzlər" mini futbol yarışlarının qalibi müəyyənləşəcək.
