Emers Fae: "Son anlarda qapımızda həlledici qolu görmək üzücüdür" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
iy
2026
00:00
ff

Emers Fae: "Son anlarda qapımızda həlledici qolu görmək üzücüdür"

01 iy, 2026
00:00
255

Emers Fae: "Son anlarda qapımızda həlledici qolu görmək üzücüdür"

Son dəqiqədə həlledici qol buraxmaq komanda üçün çox üzücüdür.

"Report" xəbər verir ki, bunu Fildişi Sahili millisinin baş məşqçisi Emers Fae Norveç yığmasına qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis uduzaraq mübarizəni dayandırdıqları görüşü şərh edib:

"Futbol belə oyundur. Əlinə düşən fürsətləri mütləq qola çevirməlisən. Biz hesabı bərabərləşdirməklə işin ən çətin hissəsini bacardıq. Təəssüf ki, oyunun son anlarında qapımızda həlledici qolu gördük. Bu, həqiqətən də üzücüdür".

Baş məşqçi futbolçuların sona qədər əzmlə mübarizə apardığını və matçın taleyini xırda detalların həll etdiyini bildirib:

"Futbolçular əllərindən gələni etdilər və son fitə qədər mübarizəni davam etdirdilər. Qarşımızda böyük əzmlə oynayan, yaxşı müdafiə olunan və nəticədə növbəti mərhələyə vəsiqə qazanan bir komanda var idi. Bu səviyyədə oyunların taleyini xırda detallar həll edir. Rəqibin kimliyindən asılı olmayaraq, ilk dəqiqədən son fitədək diqqətli və intizamlı qalmalısan".

O, komandanın qarşıdakı sınaqlara daha güclü qayıtmaq üçün çalışacağını söyləyib:

"Bu, komandadakı hər kəs üçün ilk dünya çempionatı idi. Düşünürəm ki, futbolçular bu turnirdən çox dəyərli təcrübə qazandılar. İndi isə qarşıdakı sınaqlara daha güclü qayıtmaq üçün çalışacağıq".

Qeyd edək ki, Fildişi Sahili seçməsinə 2:1 hesabı ilə qalib gələn Norveç 1/8 finala yüksəlib.

Bizimlə əlaqə saxlayın

×
×