Ayxan Abbasov: "Lorenzo Mezzotero əsas milli komandanın da diqqətində olacaq"
sizinxeber.az xəbər saytı

Ayxan Abbasov: "Lorenzo Mezzotero əsas milli komandanın da diqqətində olacaq"


Azərbaycanın U-21 milllisinə çağırılan Lorenzo Mezzotero əsas yığmanın da diqqətində olacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycanın A millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O, İtaliyanın "Sampdoriya" klubunun U-19 kollektivində çıxış edən oyunçunun U-21-ə dəvət almasına münasibət bildirib:

"U-21-in məşqçiləri bu futbolçunu yaxından izləyiblər və çıxışını bəyəniblər. Bilirsiniz ki, bu oyunçu Azərbaycanda böyüyüb. O, diqqətimizdə olacaq. U-21-in heyətində ümidləri doğrultsa, bu məsələyə baxacağıq".

Mütəxəssis əsas yığmanın mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində keçirəcəyi təlim-məşq toplanışından danışıb:

"Bu, Millətlər Liqası öncəsi son toplanışımız olacaq. Bütün futbolçuları iş başında görmək istəyirik. Toplanışa cəlb olunan futbolçulardan Emil Balayevin adın; xüsusi çəkmək olar ki, o, uzun müddət milliyə dəvət almırdı. Bundan başqa, Tellur Mütəllimov da yenidən yığmanın sıralarına cəlb olunub. Digər futbolçular, demək olar ki, hər toplanışda bərabər olurlar. Biz də buna çalışırıq ki, heyət tam oturuşsun və futbolçular bir-birilərini tam başa düşsünlər. Düzdür, kənarda qalan futbolçular da oldu. Lakin heyəti çox geniş etmək də olmur. Müdafiəçimiz Bəhlul Mustafazadənin zədəsi var və ona görə toplanışda yer almayacaq".

A.Abbasov millinin yoxlama oyunlarına da toxunub:

"Qarşıda bizi San Marino və Malta seçmələrinə qarşı yoxlama oyunları gözləyir. Çalışırıq ki, Millətlər Liqasındakı rəqiblərimizə uyğun komandalarla qarşılaşaq. Yaxşı nəticəyə ümid edirik".

Qeyd edək ki, Azərbaycanın A millisi iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq. Hər iki görüş Macarıstanda baş tutacaq.

Oxşar xəbərlər

Ayxan Abbasov: "Ardıcıl yoxlama oyunları keçirmək milli komanda üçün xeyirli olacaq"
Ayxan Abbasov: "Nəriman Axundzadənin ABŞ-də qalması məsləhətdir"
Ayxan Abbasov: "Şamaxı" gənc futbolçuları üzə çıxarmaqda olduqca maraqlıdır"
Azərbaycan millisi Malta və San Marino ilə yoldaşlıq oyunları keçirəcək
Ayxan Abbasov: "FIFA Series-2026" turnirində millinin heyətində yeni adlar olacaq" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər