Emin Mahmudov: "Hər dəfə "Qarabağ"a uduzanda əsəbləşirdik ki, bizdə nə çatmır?" - MÜSAHİBƏ
"Neftçi"nin kapitanı Emin Mahmudov "Sizinxeber.az"a müsahibə verib. Yarımmüdafiəçi başa çatmaqda olan mövsümdə komandasının çıxışını dəyərləndirib. O, UEFA Konfrans Liqasına qazanılan vəsiqədən, hazırkı baş məşqçi Yuri Vernidubla əldə olunan uğurlu nəticələrdən danışıb. E.Mahmudov komandanın əvvəlki çalışdırıcısı Samir Abasovla aralarında yaşananlara və digər maraqlı məqamlara da toxunub.
- Misli Premyer Liqasında 2025/2026 mövsümü artıq başa çatmaqdadır. Cari mövsümü "Neftçi" üçün necə dəyərləndirərdiniz?
- Mövsümün əvvəlində UEFA Konfrans Liqasına düşmək istəmirdik. Bundan da yaxşı nəticələrə ümid edirdik. Amma gedişat elə gətirdi ki, bəzi uğursuzluqlar yaşandı və sonda avrokuboklara vəsiqə əldə etmək bizim üçün sevindirici hal oldu. Mövsümün qızğın vaxtında avrokuboklara düşmək bizim üçün çətin görünürdü. Çünki çox xallar itirmişdik. Çalışırdıq ki, itirilən xalları bərpa edək. Tək bizim əlimizdə olan məsələ deyildi. Bizə lazım olan o idi ki, turnir cədvəlində "Neftçi"yə yaxın olan komandalar da xal itkisi ilə üzləşsinlər. Lakin uğursuz başlanğıcdan sonra dördüncü yeri tuta bildik.
- "Neftçi" əvvəlki 2 mövsümdə avrokuboklara vəsiqə qazana bilməmişdi. Bu il komandada nə dəyişdi?
- Hazırda komandada çıxış edən futbolçuların keyfiyyətini ön plana çıxarardım. Əvvəlki oyunçuları keyfiyyətsiz adlandırmıram. Sadəcə, indikilər özlərini daha yaxşı tərəfdən göstərə bildilər. Komandada ab-hava da çox yaxşı idi. Futbolçuların bir-birinə isti münasibəti, yaxınlığı və dostluğu uğurlu nəticədə rol oynadı. İki il əvvəl avrokubok zonasından bizi 1 xal ayırdı. Ardıcıl 3 il avrokuboka düşməmək bizim üçün daha ağır olardı. Baxmayaraq ki, biz bunu yox, çempionluğu düşünməliyik. Çünki biz "Neftçi"yik. Təəssüf ki, futbolda belə məqamlar olur, çempionluqdan uzaq qalırsan. Amma indiki vəziyyətdə avrokuboka düşmək sevindiricidir. Məncə, bu il komanda olaraq daha yaxşı idik.
- Əvvəlki baş məşqçilər - Adrian Mutu, Miodraq Bojoviç, Roman Qriqorçuk və Samir Abasovun uğursuzluğunun səbəbləri nə idi?
- Əvvəlki baş məşqçilərin işini müzakirə etmək istəməzdim. Çünki hər məşqçinin öz oyun planı var. Bəzən burada bəxt amili də rol oynayır. Məsələn, Samir Abasovun dövründə bir çox oyunlarda bəxtimiz gətirmədi. Bəzən də hakimlərin qərarlarıı təsir edirdi. Sadaladığım bu amillər xal qazanmağa mane olurdu. Lakin mən əvvəlki baş məşqçilərimizdən Samir Abasova təşəkkür etmək istəyirəm. Mənim üçün çətin bir dövrdə gəldi və şans verdi. Onun göstərdiyi güvəni boşa çıxartmaq istəmədim və şükürlər olsun ki, bu heç də pis alınmadı. Hazırkı baş məşqçimiz Yuri Vernidubun rəhbərliyi altında daha yaxşı hücum futbolu sərgiləyirik. Yenə deyirəm, əvvəlki məşqçilərin işini müzakirə etmirəm. Onsuz da problem tək məşqçilərdə yox, futbolçularda da olurdu. Düşünürəm ki, futbolçular da məsuliyyətli olmalıdırlar. Sevinirik ki, son dövrdəki qələbələr bizdə özünəinam yaratdı. Komanda olaraq birləşdik, çünki geriyə yol yox idi.
- Sizin üçün çətin olan dövrdə Samir Abasovun güvənini hiss etdiyinizi söylədiniz. Bu mövzuya daha detallı aydınlıq gətirə bilərsiniz?
- Doğrusu, həmin vaxtlara qayıtmaq istəmirəm. Dünya futbolunda da bu cür hallar yaşanır. Sadəcə, onun güvənini hiss edirdim, formada olmadığım vaxtda da meydana buraxırdı. Təbii ki, mən də onun güvənini boşa verə bilməzdim. Münasibətimiz hər zaman yaxşı olub. Hələ 2021-ci ildə onun rəhbərliyi ilə çempion olduqdan sonra bizim yaxşı münasibətlərimiz var. Bu günə qədər də bu münasibət davam edir.
- Komanda mövsümə Yuri Vernidubun rəhbərliyi ilə başlasaydı, çempion ola bilərdiniz?
- Belə bir proqnoz vermək həm doğru olmazdı, həm də çətindir. Bunu həqiqətən bilmək olmur. Növbəti mövsümə baxmalıyıq və çalışmalıyıq ki, dediyiniz kimi, çempionluğa oynayaq. Çünki həqiqətən çempion olmaq üçün bütün lazımi şəraitimiz var. Ən yüksək səviyyədə olan hər şey bazamızda mövcuddur. "Neftçi"də yalnız nəticə çatmır. Onu da inşallah, yavaş-yavaş bərpa edirik. Stadionumuz həqiqətən əladır. Yeni tribunalar quraşdırıldıqdan sonra daha möhtəşəm görünür. İnsan həqiqətən bu stadionda futbol oynamaq istəyir. Digər komandaların futbolçuları da bizə bildirirlər ki, stadionunuz çox qəşəngdir. Klubun bizə yaratdığı imkanların qarşılığını verməyin vaxtıdır.
- "Sabah" üzərində qazandığınız qələbədən sonra Yuri Vernidub bildirdi ki, uğurun təməli Əbu-Dabidəki toplanış oldu. Həmin vaxt futbolçuları daha yaxından tanımaq və onlarla söhbət etmək imkanı qazandı. Sirr deyilsə, baş məşqçi ilə aranızda hansı dialoqlar olurdu?
- Baş məşqçimiz vaxt tapdıqca hamı ilə danışırdı, psixoloji durumla maraqlanırdı. Çünki o, futbolçulara daha yaxın olmaq istəyir. Əbu-Dabi toplanışında həm çox danışdıq, həm də çox işlər gördük (gülür). Lakin yayda bu işləri görməyə daha çox vaxtımız olacaq. Qışda bir az vaxt məhdud idi.
- Komandanın fiziki hazırlıq durumunun düzəldiyini deyə bilərik?
- İnşallah, fiziki hazırlığımız daha da yaxşı olacaq. Bunun daha yaxşı olması üçün də çalışmalıyıq və çalışacağıq. Bəzi oyunlarda tempi artırırıq, işlər qaydasında gedir. Lakin təəssüf ki, davamını gətirməkdə müəyyən problemlər yaşanır. Düşünürəm ki, bu da fiziki hazırlıqla bağlıdır. Lakin indi vəziyyət yaxşıya doğru gedir. Düşünürəm ki, doğru yoldayıq. Yay toplanışında çatışmazlıqları aradan qaldıracağıq.
- Mövsümü dördüncü sırada bitirdikdən sonra klubun rəhbər şəxslərindən xüsusi təbrik aldınız?
- Klub rəhbərliyi daim futbolçuların yanında olduğu üçün fərqli durum yaşanmadı. Biz onların dəstəyini bir oyundan sonra yox, hər zaman görürük. Hətta məğlub olanda belə, rəhbərlik yanımızda olur.
- Ardıcıl zəif oyunlar keçirdiyiniz dövrdə, uğursuz nəticələr kapitan kimi sizə necə təsir edirdi?
- Mənim üçün çox ağır durum idi. Çünki uduzmağı heç vaxt sevməmişəm. Həqiqətən bir ara ağır günlər yaşadıq, ardıcıl məğlubiyyətlər alırdıq. Rusiyada çıxış etdiyim dövrlərdə elə klub var idi ki, orada uduzanda bu qədər təzyiqlə üzləşmirdin. Lakin Moskva "Spartak"ında "Neftçi"dəki hal yaşanırdı. Orada da hər zaman yüksək nəticələr tələb olunurdu. Başa düşürəm ki, bura "Neftçi"dir. Bu komandanın azarkeşləri hər zaman qələbələr görüblər. Təəssüf ki, həmin vaxtlar Azərbaycan millisində də vəziyyət ürəkaçan deyildi. Biri var yığmada uduzasan, "Neftçi"də udasan və ya tərsinə ola. Birində məğlub olub, digərində qalib gələndə az da olsa, təsəlli tapırsan. Təəssüf ki, həmin vaxtlar hər iki "cəbhə"də yaxşı nəticələr olmurdu. Həmin uğursuzluq dövrünü daha yaşamaq istəmərəm.
- "Spartak"dakı günlərinizi necə xatırlayırsınız?
- "Spartak" Rusiyanın bir nömrəli komandasıdır. Orada da məğlub olarkən pis vəziyyət yaşanırdı. Komandanın azarkeşləri futbolçulardan hər zaman yaxşı nəticələr tələb ediblər. Orada olarkən təzyiq yüksək səviyyədə hiss olunurdu. Rəhbərlikdən tutmuş azarkeşlərə qədər, hər kəs narahat olurdu. Uzun müddət çempion ola bilmədilər. Bununla belə, bütün diqqətlər "Spartak"ın üzərində idi. Necə ki, Azərbaycanda bir çox futbol azarkeşi "Neftçi" üçün narahatdırsa, diqqəti bu komandanın üzərindədirsə, eynisi "Spartak"da yaşanırdı.
- Yarımmüdafiəçi olmağınıza baxmayaraq, komandanın hücumçusu Bassala Sambu ilə eyni sayıda - 11 qol vurmusunuz. Hücuma çıxmağı sevirsiniz?
- Aşağı yaş qruplarından ibarət komandalarda çıxış edərkən hücumameyilli futbol oynamışam. "Spartak"da çıxış edərkən isə meydanda bir az geri çəkildim. Dayaq yarımmüdafiəçisi kimi oynamağa başladıqdan sonra qol vurmaq instinktini bir az itirmişdim. "Neftçi"də isə mövqe olaraq bir az irəli getdim. Arxada ötürmələr verməyi çox sevmirəm, daim irəli getmək yaxşıdır. Təbii ki, məşqçi hansı tapşırığı versə, yerinə yetirməyə hazıram. Lakin daha çox öndə oynamağı sevirəm. Hər zaman meydanda qol vura biləcəyim mövqeləri axtarıram. Yaxşı zərbələr endirə biləcəyim yeri tapmaq istəyirəm.
- Lazım gələrsə, hücumçu kimi çıxış edərsiniz?
- İndi bu, bir az çətin olar. Çünki yarımmüdafiəyə öyrəşmişəm. Düşünürəm əslində, bir az fərqli durumdur. Lakin çalışsam, əlbəttə ki, niyə də oynamayım? Məni meydanın istənilən yerinə qoysanız, oynayaram (gülür). Məşqçim meydanda nə tələb etsə, yerinə yetirməyə hazıram. Çünki hər zaman baş məşqçilərlə aram yaxşı olub, onların verdiyi tapşırıqları tez qavramışam. Sistemli futbol oynamağı sevirəm. Əvvəllər məni dayaq yarımmüdafiəçisi kimi oynadırdılar və bunu sevmirdim. Lakin nə edə bilərik, bu mövqedə komandama xeyrim dəyəcəksə, can-başla oynamağa hazıram.
- "Neftçi" ilə müqavilənizin müddəti cari mövsümün sonunda başa çatacaq. Komandadan yeni təklif almısınız?
- "Neftçi" ilə danışıqlarımız davam edir. İnşallah, bu komandada qalmaq istəyirəm.
- Başqa komandalardan təkliflər alırsınız?
- Başqa təklifləri düşünmürəm. Fikrim "Neftçi"dədir, rəhbərliklə danışıb, bu komandada davam etmək istəyirəm.
- Komandanın hazırkı heyəti ilə UEFA Konfrans Liqasında 4 raund adlayaraq əsas mərhələyə vəsiqə qazanmaq nə dərəcədə realdır?
- Əvvəlcə yayda çox yaxşı təlim-məşq toplanışı keçməliyik. Çalışacağıq ki, maksimum nəticə göstərək və Liqa mərhələsinə vəsiqə qazanaq. Konfrans Liqasında bir mərhələ oynayıb, geri qayıtmaq bizə uyğun olmaz. Lakin sizə deyim ki, bu işlərdə bir az bəxt də lazımdır. Çünki təsnifat mərhələlərində hansı komandalarla qarşılaşacağımız bilinmir. Hələ ki bu barədə düşünmək tezdir. Hadisələrin axarı hər şeyi göstərəcək. Üstəlik, komandanın da heyəti tam formalaşmalıdır. Gedənlər və gələnlər bəlli olandan sonra bu barədə danışmaq və düşünmək olar. Üzərimizdə böyük məsuliyyət var. "Qarabağ"dan başqa uzun illərdir hansısa komandamız qrup mərhələsində (Liqa mərhələsini nəzərdə tutur - red.) çıxış etmir. Bu uğura nail olmaq istəyirik. Bu uğura da addım-addım irəliləməliyik.
- Bu uğura doğru addımlamaq üçün heyətə yeni futbolçular cəlb olunmalıdır?
- Əlbəttə, lazımdır. Dünya futbolunda da belə bir praktika var ki, komanda nə qədər yaxşı vəziyyətdə olsa da, hər zaman heyət dəyişir, yenilənir, yeni futbolçular gəlir. Yeni futbolçulara hər zaman ehtiyac var. Çünki yeni motivasiyalı futbolçular komandaya hər zaman xeyir verə bilərlər.
- Millidə birgə çıxış etdiyin, "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin adı "Neftçi" ilə də yanaşı hallanır. Bununla bağlı nə deyə bilərsiniz?
- İstəməzdim hazırda başqa klubda olan futbolçu barədə danışaq.
- Lakin Elvinin meneceri futbolçunun transferə çıxarıldığını təsdiqləyib...
- Elvinlə münasibətim çox yaxşıdır. Lakin bu barədə nəsə deyə bilmərəm. Yaxşı olar ki, Elvin özü karyerası ilə bağlı doğru qərarı versin. Onun barədə düşüncələrim çox pozitivdir. Elvin Cəfərquliyev Azərbaycan futbolunun son dövrlərdə yetişdirdiyi ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Yığmada da ən yaxşı oyunçulardan hesab edilir. Çıxış edəcəyi hər komandaya xeyir verəcəyini düşünürəm.
- Onunla bir klubda çıxış etmək istəyərdiniz?
- Mən onsuz da onunla bir millidə oynayıram (gülür).
- "Neftçi"nin növbəti mövsümdən çempionluq mübarizəsinə qoşulacağını söyləmək olar?
- Mövsümün əvvəlində mənə desəydilər ki, dördüncü yeri tutacağınıza sevinərsən? Cavabım "yox" olardı. Çünki biz daim çempionluq uğrunda yarışmalıyıq. Turnir cədvəlində dördüncü yerə, Konfrans Liqasına düşməyimizə çox sevinə bilmərik. Mövsümün əvvəlində belə bir başlanğıc edəcəyimiz ağlımıza belə gəlməzdi. Lakin iş elə gətirdi ki, dördüncü yerə görə müəyyən xoşbəxtlik yaşadıq. Çünki həqiqətən bir ara işlər qaydasında deyildi. Hədəflərimiz daha böyükdür. Hər il çempionluq uğrunda mübarizə aparmalıyıq. Bu komandaya gələn bütün futbolçular birinci yeri düşünməlidir. Əsas ilk pillənin sahibi olmaqdır. Futbolçular bu barədə yaxşı düşünməlidirlər.
- "Sabah" və "Qarabağ"a çatmaq üçün nə etmək lazımdır?
- Əlbəttə ki, sabit çıxış etmək lazımdır. Cari mövsümün sonlarında necə sabit çıxış ediriksə, elə də davamı olmalıdır. Baxmayaraq ki, "Qarabağ"a 1:5 hesablı məğlubiyyətimiz oldu, heç vaxt təşvişə düşmədik. Komanda olaraq bu məğlubiyyəti unutmağa çalışdıq. Çünki bunun təsadüfi olduğuna inanırdıq. "Neftçi" belə asanlıqlıa 5 qol buraxan komanda deyil. Və nəticədə növbəti matçda qələbə qazandıq. Bu cür sabit çıxış edərək, uğurların arxasınca getməliyik.
- "Neftçi" uzun müddət idi ki, "Qarabağ"a qalib gələ bilmirdi. Uğursuzluq sindromunu qırdığınıza inanırsınız?
- Əlbəttə, buna inanırıq. Heç kimə sirr deyil ki, hər dəfə bu komandaya uduzanda çox əsəbləşirdik. Düşünürdük ki, axı bizdə nədir çatışmayan? Nəyi düzgün etməmişik? Bu qələbə bizim üçün çox vacib idi. Və bir daha aydın oldu ki, hər komandanı məğlub etmək olar. Artıq növbəti görüşlərə daha güvənli çıxacağıq. Demirəm ki, hər oyunda "Qarabağ"ı udacağıq. Hər halda, bilirik ki, qələbə qazanmaq şansımız var.
- Ardıcıl xal itirdiyiniz vaxtlarda belə azarkeşləriniz sizi tək buraxmayıblar. Bu məqam xüsusi olaraq diqqətinizi çəkirdi?
- Azərbaycanda 1 nömrəli azarkeş qrupu "Neftçi"dədir. Yalan vəd verə bilmərəm, amma onları sevindirməyi həqiqətən çox istəyirik. Builki kimi yox, daha artığını etməyə çalışacağıq. Biz çempionluğa oynamalıyıq. Azarkeşlərimiz bizim üçün önəmlidir. Bir ara ardıcıl məğlubiyyətlər alanda, düşünürdüm ki, daha azarkeşlərimiz stadiona gəlməyəcəklər. Lakin onlar hər vəziyyətdə bizi dəstəklədilər. Tərəfdarlar da anlayırdılar ki, bəzən bizə qarşı haqsızlıqlar olub. "Zirə" ilə son oyundan sonra bizə möhtəşəm dəstək göstərdilər. Birliyimizi bir daha orada hiss etdik.
- Azərbaycan millisinin heyətində mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışı keçəcəksiniz. Bu hazırlıq prosesi yığmaya nə verə bilər?
- Bildiyiniz kimi, orada iki yoxlama matçı keçirəcəyik - Malta və San Marino ilə. Hər iki komanda Millətlər Liqasında bizim Liqaya uyğun gələn komandalardır. Bizim də əsas hədəfimiz sözügedən turnirə yüksək səviyyədə hazırlaşmaqdır. Həmin yoxlama matçlarında çatışmayan cəhətlərimizi müəyyənləşdirməliyik. Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında qələbələr qazanmalıyıq. Oyunlarda qalib gələk ki, özümüzə inamımız daha da artsın.
- D Liqasından C Liqasına yüksəlmək mümkün olacaq?
- Əlbəttə ki, bunu bacarmaq istəyirik. Əsas məqsəd C Liqasına yüksəlməkdir. Lakin rəqibimiz Litva da bunu istəyəcək. Hansısa millidən çox üstün olduğumuzu söyləyə bilmərəm. Çünki reallıq var. Biz ilyarım idi ki, qələbə qazana bilmirdik. Bilirik ki, rəqibimiz bizi Portuqaliya yığması səviyyəsində görmür.
Oxşar xəbərlər
Premyer Liqada cari mövsümün ikinci ən erkən qolunu Emin Mahmudov vurub
Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib
Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb
Emin Mahmudov zədəsini sağaldıb
Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
