
Ölkəni zibilləyənlər – onları siz də tanıyırsız

Ölkəni zibilləyənlər – onları siz də tanıyırsız
Bəzən deyirlər ki, ölkəni xaricdən gəlib kimsə pozmur, ölkəni öz içindən çökdürənlər var. Elə məhz bu günlərdə bir dəfə də bu sözlərin nə qədər doğru olduğunu dərk etdim. Axşam saatlarında hava sakit idi, küçələrdə səs yox idi. Bir az dincəlmək, fikirlərimi toparlamaq üçün bir kənarda oturacağa keçdim. Hava qaralmaq üzrə idi, insanlar bir-bir parkdan çəkilir, sakitlik hökm sürürdü. Elə bu an bir uşaqla ata-ana yaxınlaşdı. Gözəl bir ailə tablosu – valideyn və uşaq, birlikdə vaxt keçirirlər. İçimdə bir rahatlıq keçdi.
Amma o rahatlıq cəmi bir neçə dəqiqə çəkdi.
Oturar-oturmaz başlandı səs-küy: plastik butulkaların xışıltısı, uşaqla kobud danışıq, bir də tanış bir səs – bu tum idi.Çitçitçıt... Diqqətimi cəlb edən isə başqa bir şey oldu. tum yeyən ata və ana qabıqlarını düz yerə atmağa başladı. Bəli, ayaqlarının altına. Halbuki 3 metr kənarda zibil qutusu vardı. Uşaq isə, necə deyərlər, valideynindən öyrənir. O da onların etdiyini təkrar etməyə başladı. O qədər təbii, o qədər rahat şəkildə atdılar ki yerə, sanki yer zibil üçün yaradılıb.
Mən sakitcə oturub baxdım. İçimdə bir təəssüf, bir qəzəb, bir utanc qarışıq hisslər baş qaldırdı. Biz hansı nöqtəyə gəlib çıxmışıq ki, valideyn uşağa “təbiəti necə zibilləmək olar” dərsini belə rahat verir? Sonra deyirik gənclik pozulub, nəsil dəyişib, əxlaq zəifləyib. Bəs onun təməlini kim qoyur?
Əslində məsələ təkcə bir ailənin tum qabığını yerə atmasında deyil. Bu bir təfəkkür formasıdır. Bu, məsuliyyətsizliyin, vecsizliyin və içdən çirklənməyin görüntüsüdür. Bir insan ətrafına necə münasibət bəsləyirsə, ölkəsinə də o gözlə baxır. Əgər sən küçəni zibilləməkdən çəkinmirsənsə, sən onsuz da dövlət anlayışını içində daşıya bilmirsən. Hər bir küçə, park, yol – bu ölkənin bir parçasıdır. Ona necə yanaşırsansa, vətəndaşlığın da odur.
Bəzən düşünürəm, əgər zibil danışa bilsəydi, bəlkə bizdən utanardı. Bəlkə bizə deyərdi: “Siz mənə belə yanaşmağı özünüzə yaraşdırırsınız, amma mən belə davranılacaq qədər dəyərsiz deyiləm.” Çünki zibilin yeri yerdə yox, zibil qutusundadır. Amma biz – adımız insan, qəlbimiz daş. Gündəlik həyatımızda əlimizdə nə varsa, küçəyə atmaq bizim üçün adi hala çevrilib. Siqaret kötüyü, konfetin kağızı, su butulkası, maska, yemək qalıqları – nə var, at getsin. Onsuz da küçələr bizim deyil axı, dövlətin yeridir! Bu cür düşüncə ilə öz həyətini təmiz saxlayıb, qonşunun qapısının ağzına zibil atan adamı necə izah edək?
Rayonlara, kəndlərə baxırsan – gözəl təbiət, səfalı yer. Amma yolun kənarlarında plastik torbalar, yandırılmış şüşə butulkalar, çürümüş meyvə tullantıları ilə dolu sahələr. Hər şeyin gözəlliyi içində bir çirkab var. Özümüz tikdiyimiz, saldığımız yerləri öz əlimizlə çirkləndiririk. Bəs biz bu ölkəni necə sevirik?
Hər dəfə turist cəlb etmək üçün reklamlar veririk. Gözəl dağlarımız, təmiz bulaqlarımız, möhtəşəm kənd yollarımız. Amma turist gəlib şəhərdə ayağını yerə qoyan kimi siqaret kötüyü görür. Kəndə gedir – çayın kənarında plastik şüşə. Dağa qalxır – istirahət edənlərin yandırıb getdiyi zibilli ocaq yeri. Bəs hansı turizm, hansı təqdimat, hansı inkişaf?
Ən dəhşətlisi odur ki, insanlar buna görə utanmır. Əksinə, zibil atmayan adama qəribə baxanlar var. Hətta zibil atanları xəbərdar edəndə sənə deyirlər: “Sən polisə oxşayırsan?” Yəni bu cür davranmaq artıq adi hal, qarşısını almaq isə “lazımsız müdaxilə” sayılır.
Əgər bir xalqın gözündə təbiət, ictimai mühit, şəhər, küçə dəyərsizləşibsə, o xalqın içində estetik, etik və milli dəyər hissi tədricən ölə bilər. Təmizlik – sadəcə suyla deyil, şüurla edilir. Biz küçəni süpürən süpürgəçidən çox, onu zibilləməyən insan sayını artırmalıyıq.
Uşaq yerə tum qabığını atanda ata deyə bilmirsə: “Oğlum, əyil, götür,” deməli, o ata vətən dərsi vermir. Bu ölkəni qorumaq təkcə müharibədə döyüşmək deyil, bir parka, bir oturacaqda, bir ağaca sahib çıxmaqdır. Ölkəni bəzən güllə yox, siqaret kötüyü öldürür. Yavaş, amma dərin.
Bəlkə də biz bu milləti dəyişə bilmərik. Amma özümüzdən başlaya bilərik. Öz zibilimizi özümüz daşıya bilərik. Uşağa bir dəfə deməklə bu anlayışı ötürə bilərik. Küçəni evimizin bir otağı kimi görə bilərik. Axı bu ölkə – bu yer – bu torpaq bizimdir.
Ölkəni zibilləyənlər çox ola bilər. Amma onu təmiz saxlamağa çalışanlar da hələ ki var. Gəlin o tərəfdə olaq.
İzzət Qurbanov
“Sözüm var” layihəsi üçün yazdı.