
Mədəniyyət sarayları boş, şou zalı doludur – niyə?

Mədəniyyət sarayları boş, şou zalı doludur – niyə?
Uzun illər əvvəl mədəniyyət sarayları şəhərin ürəyi idi. Orada insanlar təkcə əylənmək üçün yox, öyrənmək, nəfəs almaq, ruhunu doyurmaq üçün toplaşardı. Bir teatr tamaşasına baxmaq, bir şairin canlı çıxışını dinləmək, bir piano konsertində gözlərini yumub musiqiyə qərq olmaq – bu, həm zövq idi, həm mədəni inkişaf. İndi isə həmin sarayların qapısı açıqdır, amma içəri girən yoxdur. Tamaşaçı yox, sükut var. Toz basmış oturacaqlar, səhnədə heç kimə səslənə bilməyən aktyorlar və zalda bumeranq kimi qayıdan səslər...
Eyni vaxtda şəhərin hansısa kənarında bir “zalda müğənni çıxış edir, oynayanlar, qışqıranlar, saxta gülənlər, əl çalanlar ordusudur. Nə deyildiyinin, nə oxunduğunun fərqinə varan yoxdur – səs yüksək olsun, işıqlar yansın, görüntü olsun, paylaşım olsun. İçində sənət olmayan bir şou, amma min nəfərlik dolu zal.
Bu mənzərə təkcə musiqi sahəsində deyil. Teatr zalında üç nəfər oturur, biri aktyorun qohumudur, biri təsadüfən gəlib, biri də hardasa mədəniyyətə dəyər verən nadir adamlardan biridir. Amma həmin axşam eyni şəhərdə bir realiti verilişin aparıcısı ilə “fan görüşü” təşkil olunub – zal dolu, izdihamlı. Hər kəs “selfie” çəkdirir, amma heç kim bu insanın cəmiyyətə nə verdiyini soruşmur. Çünki indi insanlara sənət yox, şou, fikir yox, sensasiya, ruh yox, səs-küy lazımdır.
Bəzən bu fərqi ən aydın şəkildə öz təcrübəndə hiss edirsən. Məsələn, bir dəfə təsadüfən "komedixana" adlı verilişə baxdım. Orada oturanlar ekranda gülməkdən qırılırdı, zalda adamlar özlərini itirəcək qədər gülürdülər. Amma mən düz üç dəfə baxdım, bir dəfə də gülməyim gəlmədi. Nə zarafatda məna vardı, nə məntiq, nə də ruh. Sadəcə bir-birinə bağıran, ağız əyən, jestlərlə işləyən adamlar. Bu gülüşdə nə düşündürmək, nə də bir sənət dadı vardı. Amma zal dolu idi, alqışlar gurultulu idi. Bu ziddiyyət içimi sarsıtdı: mənmi hiss etmirəm, yoxsa cəmiyyətmi hiss etməkdən çıxıb?
Sual doğur: nə baş verdi bizə? Niyə bizə bir zamanlar zövq verən incə sənət formaları indi “köhnə”, “darıxdırıcı” sayılır? Niyə insanlar düşünmək istəmir? Axı teatr insanın içini titrədən güzgüdür, poeziya ruhun dərinliyinə enməkdir, klassik musiqi sükutun öz dilində danışmasıdır. Bəs indi insanlar niyə bu qədər uzaqlaşıb bu zövqdən?
Cavab tək yox, qat-qatdır. Əvvəla, son illər ərzində cəmiyyətin əsas prioritetləri dəyişib. Biz daha çox görünmək istəyirik, anlamadan iştirak etmək istəyirik. Kiminsə harada olduğunu, kimlə şəkil çəkdirdiyini, nə geyindiyini izləmək bizə daha maraqlı gəlir, nəinki onun nə düşündüyü. “Səni kim izləyir?” sualı, “Sən nə oxuyursan?” sualını çoxdan keçib. Ona görə də sosial şəbəkələrdə yüz minlərlə izləyicisi olan “influencer”lər bir saatda bir tədbirə yüz nəfər toplayır, amma peşəkar bir teatr qrupu tamaşa üçün auditoriya tapa bilmir.
İkincisi, sənət özü də bu boşluğa görə məsuliyyət daşıyır. Çünki biz sənəti gündəmlə ayaqlaşdırmaq əvəzinə onu muzeyə saldıq. Teatrlar bəzən 30 il əvvəlki repertuarla çıxış edir, aktyorlar həvəssiz, dekor köhnə, səs sistemi zəif. Poeziya gecələrində gənclər yox, yalnız yaşlı insanlar olur. Əgər sənət özü gənci cəlb edə bilmirsə, onu yeniləyə bilmirsə, təbii ki, gənc “həyəcanı” başqa yerdə axtaracaq.
Üçüncüsü, ailə və məktəb mühitində sənət sevgisi yox olub. Uşaqların çoxu kitabı dərs əzbəri üçün açır, poeziya “şeir yaz deyilibsə” yazılır. Hər şey tapşırıqdır, daxildən gələn bir maraq deyil. Valideyn övladını mədəniyyət evinə yox, əyləncə mərkəzinə aparır. “Ay bala, teatrda nə var, boş-boş danışırlar, gəl gedək kinoya” – bu, cəmiyyətin ümumi yanaşmasıdır. Əgər ailə sənəti aşağı görürsə, uşaq ondan necə zövq alsın?
Dördüncü və ən vacib səbəb – tənbəllik. Düşünmək, analiz etmək, içindəki səsi dinləmək zəhmət tələb edir. Teatr izləmək üçün 90 dəqiqə səbr etmək, poeziya oxuyarkən dayanmadan fikrə dalmaq, musiqidə notları duymaq üçün ruhun açıq olmalıdır. Amma biz hazır məhsula, qısa videoya, beş saniyədə gülmək, beş saniyədə keçmək istəyirik. Zövq də hazır paket istəyirik. Sənət isə paketlə gəlmir, o, içində yoğrulur.
Əgər bir cəmiyyətin zövqü səthidirsə, o cəmiyyət uzunmüddətli inkişaf edə bilməz. Mədəniyyət saraylarının boş olması təkcə bir binanın problemi deyil – bu, ruhumuzun tənha qalması, ağlımızın susması, sənətin cəmiyyətdə yetimləşməsi deməkdir. Şou zalı isə doludur – çünki o zalda fikirləşmək lazım deyil. Sadəcə bax, əylən, paylaş, vəssalam.
Mədəniyyət susanda səs yüksəlir, amma bu səs düşüncəni boğur. Biz əslində çox danışırıq, çox oynayırıq, çox izləyirik, amma az anlayırıq, az dərk edirik, az yaşadırıq. Gülmək var, amma içi boş; sevinc var, amma ruhsuz; zövq var, amma ani.
Cəmiyyətin sənətdən uzaqlaşması cəmiyyətin insani keyfiyyətlərini itirməsi deməkdir. Biz nə qədər çox səhnədən uzaq olsaq, bir o qədər də həyatın gerçəkliyindən uzaqlaşırıq. Sənət həyatın kölgəsi yox, özü olmalıdır. Biz o kölgədən qaçırıq indi – çünki içimizə baxmağa cəsarətimiz yoxdur.
Sonda belə çıxır ki, günah təkcə tamaşaçıda, ya sənətçidə deyil – günah ortaqdır. Cəmiyyət sənətdən üz döndərdi, sənət də cəmiyyəti cəlb etmədi. İndi isə ikisi də ayrı-ayrılıqda darıxır. Mədəniyyət sarayları bizsiz darıxır, biz isə o sarayların niyə tikildiyini unutmuşuq.
İzzət Qurbanov
“Sözüm var” layihəsi üçün yazdı.