Niyə hamı Arzumdan danışır? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2026
13:47
0
0
1 845
ff aaaaaaa

Niyə hamı Arzumdan danışır?

03 iy, 2026
13:47
1 845

Niyə hamı Arzumdan danışır?

Arzum məsələsi doğrudanmı ölkənin ən böyük problemidir?

Son günlər sosial şəbəkələrə baxanda elə təəssürat yaranır ki, ölkədə başqa heç bir problem yoxdur. Hara baxırsan, Arzum hadisəsi müzakirə olunur. TikTok-da, Facebook-da, Instagram-da minlərlə paylaşım, canlı yayım və video yalnız bu mövzu ətrafında fırlanır.

Mənim başa düşmədiyim bir məqam var. Niyə insanlar bu hadisəyə görə iki cəbhəyə bölünüblər? Bir tərəf Arzumu müdafiə edir, digər tərəfdən isə elələri var ki, qəza nəticəsində həyatını itirən insan haqqında belə hörmətsiz ifadələr işlətməkdən çəkinmirlər. Unutmayaq ki, bu hadisədə bir insan həyatını itirib və bu, hər şeydən əvvəl böyük faciədir.

Bir neçə saniyəlik videoya baxıb hökm vermək nə dərəcədə doğrudur? Hadisənin bütün təfərrüatlarını heç kim bilmir. Araşdırmanı hüquq-mühafizə orqanları aparır və son qərarı da məhkəmə verir. Qanunu pozan hər kəs qanun qarşısında cavab verməlidir.

Amma məni düşündürən başqa məsələ var. Doğrudanmı ölkəmizdə başqa problem yoxdur? Xəstə qazilərimiz var, şəhid ailələrinin problemləri var, müalicəyə ehtiyacı olan insanlar var, aztəminatlı ailələr var. Niyə bu mövzular günlərlə gündəmdə qalmır? Niyə saytların və sosial şəbəkələrin böyük hissəsi yalnız Arzumdan danışır?

Media cəmiyyət üçün vacib olan bütün problemləri işıqlandırmalıdır. Bir hadisədən xəbər vermək normaldır, amma günlərlə eyni mövzunu gündəmdə saxlamaq digər mühüm məsələlərin kölgədə qalmasına səbəb olur.

Sonda isə özünüzə bir sual verin. Əgər Arzumun yerində tanınmamış, kasıb bir gənc olsaydı, yenə də onun tərəfini tutardınızmı? Bəs həyatını itirən insan sizin qohumunuz olsaydı, yenə də Arzumu müdafiə edərdinizmi? Məncə, xeyr. Əksinə, bəlkə də onu ən ağır sözlərlə tənqid edərdiniz. Hadisələrə tanınmış və ya tanınmamış olmasına görə deyil, vicdan və ədalət prizmasından yanaşmaq lazımdır.

🖋 İzzət Qurbanov



Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul