
Gənclərin TikTok nəslinə çevrilməsi: Virtual dünyada itən gerçəklik

Gənclərin TikTok nəslinə çevrilməsi: Virtual dünyada itən gerçəklik
Hər dövrün öz gəncliyi, hər gəncliyin öz ifadə dili olur. Zaman dəyişir, texnologiya dəyişir, dünyanı qavrama üsulları da dəyişir. Lakin son illərdə müşahidə etdiyimiz bir proses artıq sadəcə mədəni dəyişiklik yox, ictimai şüurun transformasiyasıdır. Gənclik sosial şəbəkələrdə – xüsusilə TikTok adlı platformada – sürətlə özünə yeni bir “mən” formalaşdırır. Bu mən isə dərinlikdən yox, səthdən doğur. Düşünməkdən yox, bəyənilməkdən qidalanır. Bu, sadəcə texnoloji asılılıq deyil – bu, gerçəklikdən qaçışdır.
Gəlin açıq danışaq: TikTok və ona bənzər platformalar nəinki gəncləri informasiya ilə doldurur, əksinə, informasiya qıtlığı içində emosional manipulyasiya alətinə çevirir. 10 saniyəlik videolar, səhnələşdirilmiş gülüşlər, saxta ağlamalar, imitasiya edilmiş həyat tərzi – bunlar yeni nəslin gündəlik qidalandığı "dəyərlərdir".
Həqiqi dəyərlər isə – vətənpərvərlik, əmək, təhsil, düşüncə, kitab, ailə – bu “kontent”lərin içində ya görünmür, ya da “dəbdə deyil”.
Bu gün biz elə bir gənclik yetişdiririk ki, "bəyən" düyməsi onun şəxsiyyətini müəyyən edir. Fikir yox, trend. Sual yox, effekt. Məzmun yox, musiqi ilə sinxronlaşmış mimika. Bu, artıq fərdi zövq deyil, ictimai təhlükə səviyyəsinə gəlib çatıb. Çünki bu nəsil sabah ölkəni idarə edəcək, qərar verəcək, səs verəcək, cəmiyyətin səsini təmsil edəcək.
Bəs bu nəsil hansı təməllərlə böyüyür?
Günümüzdə orta statistik bir gənc gün ərzində 3-4 saatını TikTok-da keçirir. O bu müddətdə milyonlarla informasiyanı passiv şəkildə qəbul edir. Ancaq bu informasiyalar onu düşünməyə yox, qərarsızlıq və özünü müqayisəyə sürükləyir. Başqalarının süni həyatına baxa-baxa öz real həyatına nifrət etməyə başlayır. Bu isə depressiya, özgüvənsizlik və mənəvi boşluq yaradır.
Virtual reallığın cazibəsi təkcə fərdi deyil, milli kimliyi də sarsıdır. Bugünkü TikTok trendlərində nə Azərbaycan musiqisi, nə folklor, nə dil, nə də tarix var. Onun yerini qərb təsirli “filterli” simalar, bayağı musiqilər, oriyentasiyasını itirmiş həyat tərzi alıb. Gənclərin ana dilində danışmaqda çətinlik çəkməsi, milli bayramlara maraq göstərməməsi, hətta özünü tanımaqdan uzaq durması bu platformaların gizli zəhəridir.
Axı bu nəsil Qarabağdan xəbərsizdirsə, 20 Yanvarı "tətil" kimi görürsə, Xocalı ona "köhnə xəbər" kimi gəlirsə, biz bu gəncliyə hansı gələcəyi etibar edə bilərik?
Sözüm dövlətədir: Gənclik strategiyanız varmı?
Gənclər və İdman Nazirliyi yalnız tədbir keçirməklə işini bitmiş saymamalıdır. Gənclərin sosial mediada necə təmsil olunduğu, hansı dəyərlərlə yoğrulduğu, kimləri idol seçdiyi – bunlar təkcə texniki yox, milli təhlükəsizlik məsələsidir.
Bizdə niyə milli TikTok ulduzlarımız yoxdur? Niyə Azərbaycanın tarixi, təbiəti, qəhrəmanları sosial mediada trendlərə düşmür? Çünki bu sahə sahibsizdir. Boşluğu isə bayağılıq doldurur.
Bu sahəyə müdaxilə etmədən təkcə TikTok-dan deyil, gələcəkdən də imtina etmiş olarıq.
Valideynlər də məsuliyyətsiz ola bilməz. 6 yaşlı uşağa telefon verib “sakit dursun” deyə TikTok-a buraxmaq gələcəyini telefona təhvil verməkdir. Tərbiyəni ekrana etibar edən cəmiyyətin gələcəyində uşaqlar yox, imitasiya edən robotlar yetişir. Sevgi yox, “like” mədəniyyəti formalaşır.
Amma ümid də var. Gəncliyin içində özünü axtaran, fərqli olmaq istəyən, düşünməkdən qorxmayan bir təbəqə hələ də yaşayır. Onlara dəstək vermək, yol göstərmək bizim borcumuzdur. Onlara seçim imkanı vermək lazımdır – TikTok,YouTube və ya Instagram.
Əgər biz gənclərimizi qaytarmasaq, sabah ölkəmizi itirə bilərik. Təkcə torpaq yox, kimlik də işğala məruz qala bilər – bu dəfə ekran vasitəsilə, səssizcə, gözümüzün qabağında.
Sonda onu deyim ki, texnologiyaya qarşı çıxmaq yox, onu dəyərli hala gətirmək lazımdır. TikTok düşmən deyil – düşmən onun içində bizə yer tapmayan məzmundur. Biz də bu məzmunu yaratmağı bacarmalıyıq.
Sözüm var: Gənclik gələcəyimizdirsə, o gələcəyi ekrana deyil, öz əlimizə yazmalıyıq. Əks halda, o ekran bir gün bizi sildirəcək.
🖋 Bu məqalə "Sözüm var" layihəsi çərçivəsində İzzət Qurbanov imzası ilə hazırlanmışdır.