
Dosa Mall parıldayır, şəhər isə sönük qalıb

Dosa Mall parıldayır, şəhər isə sönük qalıb
İki gün əvvəl Lənkəranda idim. Gəzinti məqsədilə çıxmışdım, həm şəhəri bir daha hiss edim, həm də haqqında çox eşitdiyim “Dosa Mall” deyilən məkana baxım. Doğrusu, orada hər şey gözəl, təmiz, işıqlı və nizamlı idi. Adam istəyir ki, belə yerlər çox olsun – təkcə Lənkəranda yox, hər şəhərdə. Amma bir anlıq ordan çıxıb şəhərin içərisinə keçəndə, elə bil başqa bir dünyaya düşdüm. Sanki şəhərin içində iki fərqli dünya yaşayırdı: biri parlaq, biri solğun. Biri tərifə layiq, o biri isə diqqətsizlik içində.
Diqqətimi çəkən isə təkcə bu ziddiyyət deyildi. Şəhərin içində gəzərkən çox qəribə və eyni zamanda narahatedici bir mənzərə ilə rastlaşdım: bütün Lənkəran şəhərində uşaqlar üçün sadəcə 1 ədəd sürüşkən gördüm. Bəli, düz oxuyursunuz – cəmi bir dənə.
O da hardasa parklardan uzaq bir nöqtədə, arxasınca baxanda köhnəlmiş, baxımsız görünürdü. Və daha qəribəsi – onun düz yanında, qapısı bağlı, sanki qorunan bir “ödənişli yelləncək” vardı. Uşağın bir neçə dəqiqə oynamaq üçün pul ödəməsi məcburidir. Nədir bu? Uşaq olmaq da artıq pul məsələsi olub?
Düşündüm ki, bu necə ola bilər? Lənkəran kimi qədim tarixə, zəngin mədəniyyətə malik bir şəhərdə – hansı ki, özünü turizm şəhəri, yaşıl bölgə, ən qonaqpərvər guşə kimi təqdim edir – uşaqlar üçün pulsuz və sərbəst oynamaq imkanı demək olar ki, yox səviyyəsindədir.
Bəlkə də kimsə deyəcək ki, “mall”ların içində uşaq oyun mərkəzləri var. Amma bu, uşaqlıq deyil – alış-veriş mərkəzində təzyiq altında oynamaqdır. Uşaq üçün ən gözəl oyun yeri açıq hava, çirkli əllər, yerə yıxılmaq qorxusu olmadan sərbəstlikdir. Valideynin “burda oynaya bilərsən, pulsuzdur” deməsi bir azadlıq, bir nəfəsdir. İndi isə uşağa “yellənmək istəyirsənsə, pul verək” demək – uşaqlığın qiymətini təyin etmək kimidir.
O sürüşkənin yanında dayanıb bir müddət baxdım. Yaxında oynayan uşaq yox idi. Təbii ki, əgər 1 sürüşkən varsa, o da az qala dekor kimi qoyulubsa, uşaq ora necə can atsın? Bu mənzərəni seyr edərkən öz uşaqlığıma getdim. Həmin dövrdə parklarda 3-4 fərqli yelləncək, tir-tir, taxta körpü, müxtəlif fiziki aktivlik vasitələri vardı. Həyətlərdə uşaqlar yıxıla-yıxıla böyüyərdi. Ən gözəl yaralar dizimizdə idi – çünki o yaraların yerində xatirə, sevinc, azadlıq vardı.
İndi isə nə var? Şəhərin mərkəzində “avroremont” binalar, bahalı restoranlar, qəşəng kafelər, amma uşağın sadə oynaya biləcəyi bir tənha yelləncək belə yox. Sanki şəhər böyüklər üçündür – uşaqlar ya müştəridir, ya problem.
Bələdiyyələr, icra hakimiyyətləri, aidiyyəti qurumlar bu mənzərəni görmürmü? Şəhərin vizual gözəlliyi uğrunda milyonlar xərclənir, amma uşaqlar üçün 1 düzgün park salmaq ağıla gəlmir. Halbuki bir uşaq üçün sürüşkən tikmək, təkcə o uşağa yox – cəmiyyətin gələcəyinə qoyulan sərmayədir. Uşaq parkı – sivil toplumun barometridir. Parka bax, şəhərin necə idarə olunduğunu anla.
Ən çox eşitdiyimiz ifadə: “Uşaq bizim gələcəyimizdir.” Gələcək bu cürmü formalaşır? Gələcək mall-dan çıxanda 15 manatlıq ödənişli zona iləmi böyüyür? Gələcək parkda bir-birini itələyən 3 uşağın əlindəki köhnə plastik topun ətrafındamı qurulur?
Bəlkə bu yazıdan sonra kimsə çıxıb “Lenkeranda filan yerdə park var” deyəcək. Bəli, ola bilər. Amma bu parklar kifayət qədər deyil, əlçatan deyil, estetik deyil, rahat deyil və ən pisi – əksəriyyətində ödəniş var. Oyun pulla olur, təbəssüm əvəzli. Uşaq olmaq belə lüks sayılırsa, bu ölkədə kim necə rahat yaşasın?
Bizə AVM yox, real parklar, təbii oyun meydançaları, açıq qapılı yelləncəklər, hər uşaq üçün gülüş yeri lazımdır. Uşaqlıq satılmamalıdır. Uşaqlıq pulsuz, sərbəst və xatirələrlə dolu olmalıdır.
Lenkeran gözəl şəhərdir, amma gözəl olmaq yetmir. Gözəllik betonla ölçülmür – insana olan münasibətlə, uşağa verdiyin qiymətlə, sürüşkən tikmək istədiyin qədər dəyərlisən.
(İzzət Qurbanov – “Sözüm var” layihəsi üçün)