Bakı – Quba yolunda baş vermiş qəzada yaralananların kimlikləri açıqlanıb – YENİLƏNİB 3
Bakı – Quba yolunda baş vermiş qəzada yaralananların kimlikləri açıqlanıb – YENİLƏNİB 3
Bakı – Quba yolunun 30-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Sizinxeber.az"un Sumqayıt bürosu xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Abdullayev Samiq Fərhad oğluna məxsus, dayanmış vəziyyətdə olan “MAN” markalı, 77-BT-544 dövlət nömrə nişanlı yük avtomobilinə 2001-ci il təvəllüdlü Həsənov Ramazan Habil oğlunun idarə etdiyi “Mercedes ML” markalı, 77-TB-495 dövlət nömrə nişanlı minik avtomobili çırpılıb.
Qəza nəticəsində sürücü Ramazan Həsənov qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi xəsarətləri alıb. Yük avtomobilinin sahibi Samiq Abdullayevin döş qəfəsində əzik və sağ ayağında sınıq aşkarlanıb.
“Mercedes ML”də sərnişin qismində olan 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə “Sizinxeber.az”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) 20.05.2025-ci il tarixində saat 21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzanın təfərrüatları məlum olub.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, hadisə baş verdiyi zaman yük avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub.
Quba istiqamətində hərəkət edən "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq əvvəlcə yük qoşqusunun arxa hissəsində dayanan sürücünü vurub, daha sonra isə yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ağır xəsarətlər alıb. “Mercedes” markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib, həmin avtomobildə sərnişin qismində olan Ruslan Rzayev hadisə yerində həyatını itirib.
Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub, ölən və yaralananlar var.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı minik avtomobili və yük maşını toqquşub.
Toqquşma nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.
