BDYP sürücülərə müraciət edib - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etmək yol hərəkəti təhlükəsizliyi baxımından ən ciddi risklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən 10–20 faizi sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.
APA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Son zamanlar təəssüf ki, ölkəmizdə də məhz bu səbəbdən baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.
Yuxululuğa səbəb olan əsas amillər aşağıdakılardır:
- Yuxu rejiminin pozulması: qeyri-müntəzəm iş qrafiki, gündüzdən gecə növbəsinə keçid və bədənin adaptasiyası üçün kifayət qədər vaxt ayrılmaması;
- Uzun müddət fasiləsiz idarəetmə: iki saatdan artıq fasiləsiz avtomobil idarəetməsinin diqqəti zəiflətməsi və reaksiyanı ləngitməsi;
- Avtomobilin texniki xüsusiyyətləri: müasir avtomobillərin səssiz və rahat olması, eləcə də kruiz-kontrol (avtomobilin sürətini sabit saxlayan sistem) funksiyasının sürücünü arxayınlaşdırması;
- Dərman preparatları: bəzi dərmanların yuxululuq yaratması və bununla bağlı xəbərdarlıqlara əməl edilməməsi.
Qeyd olunmalıdır ki, sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xəbərdarlıq edir: yorğun və yuxusuz halda sükan arxasına keçməyin, uzun səfərlərdə mütəmadi fasilə verin, dərman preparatlarından istifadə zamanı onların təsirinə diqqətlə yanaşın.
Unutmayın: sükan arxasında yuxuya getmək – bir daha oyanmamaq deməkdir!".
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib
Bayram günlərində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Sürücülərin yuxulu olması ilə bağlı 1 ayda ölüm və xəsarətlə nəticələnən 21 yol qəzası baş verib
DYP ötmə və manevretmə qaydaları ilə bağlı sürücülərə müraciət edib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













