
Biləsuvarda bir ailənin üç üzvü yol qəzasına düşüb, ikisi ölüb - YENİLƏNİB-2

Biləsuvarda bir ailənin üç üzvü yol qəzasına düşüb, ikisi ölüb - YENİLƏNİB-2
Biləsuvarda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi "VAZ-2115" markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində "VAZ-2115"də olan bir ailənin üzvləri, sürücü E.Niftəliyev və onun 6 aylıq qızı Ahu Niftəliyeva ölüb, həyat yoldaşı 1996-ci il təvəllüdlü Günay Niftəliyeva isə ağır xəsarət alıb.
Həmçinin "Mercedes"də olan sərnişinlər - 1961-ci il təvəllüdlü Gülağa Qurbanov və 1975-ci il təvəllüdlü Şəhla Orucova xəsarət alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənlərin meyitləri müayinə olunması üçün rayon morquna təhvil verilib.
Məlumata görə, ölən şəxs Saatlı rayonunda müəllim işləyirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Biləsuvarda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib.
"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 19:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1961, 1975, 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.
1961 və 1975-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti orta ağır qiymətləndirilən 1996-ci il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.
Qeyd edək ki, 2025-ci il təvəllüdlü körpənin isə (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ-2115" markalı nəqliyyat vasitəsi toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.