Laçında dağlıq ərazidə baş verən yanğın tam söndürülüb - YENİLƏNİB-3 - VİDEO
Laçında dağlıq ərazidə baş verən yanğın tam söndürülüb - YENİLƏNİB-3 - VİDEO
Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
"Report" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Ötən gün Laçın rayonu Mollalar kəndi istiqamətindəki dağlıq ərazidə baş verən yanğının tam söndürülməsi işləri davam etdirilir.
Bunu "Report"un Qarabağ bürosuna Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.
Onun sözlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün yanğına müdaxilə edilməsində müəyyən çətinliklər yaranıb:
"Buna baxmayaraq aktiv alovun geniş əraziyə yayılmasının qarşısı əməkdaşlarımızın səyi nəticəsində alınıb. Hazırda alovun qarşısı alınsa da, ərazilərin bəzi hissələrində qalın ağac kötüklərinin tüstüləməsi müşahidə edilir. Yanğınsöndürənlər həmin ocaqların tam məhv edilməsinə çalışır", - FHN rəsmisi əlavə edib.
Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb. Hadisəyə səbəb bura gələn turistlərin odla ehtiyatsız davranması ehtimal edilir.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.
Onun sözlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün müəyyən çətinliklər yaranıb:
“Yanğının baş verdiyi ərazidə alovun təsirindən mina partlayışı baş verdiyi üçün canlı qüvvə və texnika yanğın sahəsinə birbaşa müdaxilə edə bilməyib. Yanğına səbəb ilkin ehtimal olaraq istirahətə gələn turistlərin təhlükəsizlik qaydalarına əməl etməmələridir. 10 hektara yaxın ərazini əhatə edən yanğın məhdudlaşdırılıb”.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.