Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlunun məhkəməsi qapalı keçirilir - FOTO - VİDEO - YENİLƏNİB-1
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlunun məhkəməsi qapalı keçirilir - FOTO - VİDEO - YENİLƏNİB-1
Yekaterinburqda iyulun 15-də saxlanılan Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Mutvalı Şıxlinskiyə qarşı ittiham irəli sürülüb.
İş materiallarında zərərçəkmişin ifadələri olduğundan və onun kimliyi məxfi saxlanıldığından müstəntiq məhkəmənin qapalı keçirilməsini istəyib.
Məhkəmə müstəntiqin vəsatətini təmin edib.
Jurnalistlər məhkəmə zalından çıxarılıb.
***
18:04
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilib.
APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, bu gün Yekaterinburqun Leninski Rayon Məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə) təqsirləndirilən Mutvalı Şıxlinski barəsində həbs qətiimkan tədbirinin seçilməsinə baxacaq.
***
11:05
Yekaterinburqun Leninski Rayon Məhkəməsinə Şıxlinski Mutvalı Şahin oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqdan vəsatət daxil olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, işə bu gün saat 16:00-da 5 saylı məhkəmə zalında baxılacaq.
Qeyd edək ki, ötən gün Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb. O, İstintaq Komitəsində dindirilib, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınıb.
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan sonra yerli hüquq mühafizə orqanları iyulun 1-də Azərbaycan diasporunun sədri Şahin Şıxlinskiyə də qarşı əməliyyat keçiriblər. Şıxlinski avtomobildə hərəkətdə olan zaman xüsusi təyinatlı qüvvələr maşının qarşısını kəsib, zor tətbiq edərək Azərbaycan diasporunun sədri və oğlu Mutvalı Şıxlinskini saxlayıblar. Saxlanılan zaman sükan arxasında olan Mutvalı Şıxlinski özünü itirərək avtomobili geriyə sürüb, bu zaman avtomobilin dəydiyi hüquq-mühafizə orqanının əməkdaşı yerə yıxılıb.