Azərbaycanda fəaliyyət göstərən dini icmaların sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda fəaliyyət göstərən dini icmaların sayı açıqlanıb


Azərbaycanda həm müsəlman, həm də qeyri-müsəlman icmaları da daxil olmaqla 995 dini icma fəaliyyət göstərir. 

"Sizinxeber.az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıdakı “Xabad-Or-Avner” Təhsil Mərkəzini ziyarət edərkən deyib.

Mərkəzdə görüş zamanı R.Məmmədov Azərbaycanda dövlət tərəfindən dinlərarası harmoniyanın qorunub-saxlanılmasına göstərilən diqqətdən bəhs edib. O, bildirib ki, Azərbaycan uzun illər ərzində dini müxtəliflik və dinlərarası sülh məsələlərinə münasibətdə dialoqa, qarşılıqlı hörmətə əsaslanan unikal yanaşma nümayiş etdirib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini etiqad azadlığının təmin edilməsinə və dini icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına xüsusi önəm verilir", - sədr vurğulayıb.

O qeyd edib ki, ölkədə dini müxtəliflik nəinki qorunub saxlanılır, həm də dövlət tərəfindən dialoq və tərəfdaşlıq yolu ilə fəal şəkildə dəstəklənir.

Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal təhsil mərkəzinin “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilməsinin müxtəlif konfessiyaların fəaliyyətinə göstərilən diqqət və dəstəyin təzahürü olduğunu bildirib. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın məktəbin açılışında iştirak etmələrini yəhudilərin milli-mədəni irsinə qayğının bariz nümunələrindən biri kimi qiymətləndirdiklərini vurğulayıb.

Qeyd edək ki, 450 yerlik etno-mədəni komponentli mərkəzin digər təhsil müəssisələrindən fərqi yəhudi mədəniyyəti əsaslarını tədris etməsidir. Ulu öndər Heydər Əliyev 2003-cü ildə binanın inşası ilə bağlı, Prezident İlham Əliyev isə 2004-cü ilin dekabrında yeni kompleksin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş veriblər. 2007-ci ildə Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondunun arasında təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. 2010-cu ildə “Xabad-Or-Avner” təhsil mərkəzinin açılış mərasimi keçirilib.

Oxşar xəbərlər

Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Dövlət Komitəsinin sədri Moskvada keçirilən Beynəlxalq Müsəlman Forumunda çıxış edib
Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış edib
Komitə sədri: Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişə baş verməyib
Dini Komitənin sədri ABŞ nümayəndə heyətini Azərbaycandakı dialoq mühiti barədə məlumatlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər