Bələdiyyələrin fəaliyyətinə kömək və metodoloji yardım qaydası müəyyənləşibSizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 19:19

Bələdiyyələrin fəaliyyətinə kömək və metodoloji yardım qaydası müəyyənləşib

Bələdiyyələrin fəaliyyətinə kömək və metodoloji yardım qaydası müəyyənləşib
ƏLAVƏ OLUNUB :

25 Noyabr 2020 - 19:31

Ədliyyə Nazirliyinin Kollegiyası  “Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım haqqında Təlimat”ı təsdiq edib.

APA-nın məlumatına görə, qərar noyabrın 22-dən qüvvəyə minib.

Kömək və metodoloji yardım Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və regional ədliyyə idarələri tərəfindən həyata keçirilir. Təlimata əsasən, kömək və metodoloji yardım bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.

Kömək və metodoloji yardım göstərilməsinin əsasları aşağıdakılardır:

– işin təşkilinə kömək və metodoloji yardım barədə bələdiyyələrin və onların assosiasiyalarının müraciətləri;

– bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının (o cümlədən dəyişikliklərin) qəbul edilməsi;

– bələdiyyələrin fəaliyyətinin ümumiləşdirilməsinin nəticəsinə görə kömək və metodoloji yardım göstərilməsi zərurətinin müəyyənləşdirilməsi.

Mərkəz və regional ədliyyə idarələri tərəfindən kömək və metodoloji yardımın göstərilməsi zərurətini müəyyənləşdirmək məqsədilə aşağıdakı məlumatlar təhlil edilir:

– İnzibati nəzarət qaydasında baxılması üçün təqdim olunan bələdiyyə aktları, həmçinin qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş aktların ləğvi və ya dəyişdirilməsi üçün verilmiş təkliflər;

– bələdiyyələrin fəaliyyəti barədə Mərkəzə və regional ədliyyə idarələrinə daxil olan müraciətlər;

– forması (məzmunu) Mərkəz tərəfindən müəyyən edilmiş sorğu əsasında bələdiyyələrdən əldə edilmiş məlumatlar;

– aidiyyəti dövlət orqanlarına (statistika, maliyyə, vergi və s.) edilən sorğulara verilən cavablar.

Sorğular həmin sorğuda göstərilmiş müddətdə, belə müddət göstərilmədikdə isə 5 iş günü ərzində bələdiyyələr tərəfindən cavablandırılır. Bu hissədə göstərilən məlumatların ümumiləşdirilməsi nəticəsində işin təşkilində yol verilən xarakterik pozuntu və nöqsanlar müəyyənləşdirilərək göstəriləcək kömək və metodoloji yardımın istiqamətləri, həmçinin üsul və vasitələri müəyyən edilir.

Kömək və metodoloji yardım bələdiyyələrin fəaliyyətinin qanunauyğun və səmərəli təşkili məqsədilə aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

– Bələdiyyələrdə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi;

– Yerli büdcənin tərtibi, təsdiqi və icrası, həmçinin yerli büdcənin icrasına dair hesabatların verilməsi;

– Bələdiyyə əmlakından, o cümlədən bələdiyyə torpaqlarından istifadə;

– Bələdiyyə iclaslarının keçirilməsi, bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərinin icrası;

– Bələdiyyənin icra aparatının təşkili, bələdiyyə qulluğuna qəbul;

– Bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılıq;

– Qanunvericiliklə bələdiyyələrin fəaliyyətinə aid edilmiş digər məsələlər.

Kömək və metodoloji yardım aşağıdakı üsul və vasitələrlə həyata keçirilir:

– Bələdiyyə üzvləri və qulluqçularının hüquqi biliklərinin artırılmasına kömək məqsədilə seminarlar, tədris kursları, təlimlər, metodik vəsaitlərin hazırlanması, bələdiyyə üzvləri və qulluqçularının sorğularının cavablandırılması formalarında maarifçilik tədbirlərinin keçirilməsi:

–  fəaliyyətlərində və ya onun ayrı-ayrı sahələrində səmərəli nəticələrə nail olmuş bələdiyyələrin müsbət iş təcrübəsinin digər bələdiyyələrə təşviq edilməsi;

– fəaliyyətinin ayrı-ayrı sahələri üzrə müsbət iş təcrübəsinin formalaşdırılması məqsədilə pilot bələdiyyələr müəyyənləşdirilərək onlarla müvafiq iş aparılması, səmərəli nəticələrə nail olunduqdan sonra həmin təcrübələrin digər bələdiyyələr tərəfindən öyrənilməsinin təmin olunması;

– bələdiyyələrin fəaliyyətinin təşkilində müəyyən edilən nöqsanların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, fəaliyyətinin qanunauyğun və səmərəli təşkili məqsədilə bələdiyyələrə tövsiyələrin verilməsi;

– bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təhlil edilərək yerli özünüidarə sahəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin həlli və işin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi barədə müvafiq təkliflərin hazırlanması;

– bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidaretmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsinin təşkil edilməsi (təcrübəsi öyrəniləcək ölkələrin Mərkəz tərəfindən müəyyənləşdirilməsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılır);

– bələdiyyənin fəaliyyətinin təşkilinin səmərəliliyini artırmağa mane olan hallar aşkar edildikdə onların həlli barədə Mərkəz tərəfindən aidiyyəti orqanlara müraciət edilməsi və ya bu məqsədlə Nazirliyin rəhbərliyinin qarşısında məsələ qaldırılması.

Maarifçilik tədbirlərinin gündəliyi və mövzuları bu Təlimatda müəyyən edilən ümumiləşdirmələrin nəticələri, qanunvericiliyə edilən dəyişikliklər, regional ədliyyə idarələrinin, bələdiyyələrin və onların assosiasiyalarının rəy və təklifləri nəzərə alınmaqla Mərkəz, tədris kursları üzrə isə Mərkəz və Ədliyyə Akademiyası tərəfindən müəyyən edilir. Metodik vəsaitlər Mərkəz tərəfindən hazırlanır. Bələdiyyələrə kömək və metodoloji yardım zamanı zəruri olduqda milli və xarici ekspertlər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri (mütəxəssisləri) də cəlb olunur.

Mərkəz bələdiyyələrə kömək və metodoloji yardım göstərilməsi işində regional ədliyyə idarələrinə və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə metodik köməklik göstərir, bu sahədə regional ədliyyə idarələrinin fəaliyyətinə metodik rəhbərliyi və nəzarəti həyata keçirir. Mərkəz Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının tədris kurslarına, təlimlərə cəlb edilməsini təşkil edir. Mərkəz bələdiyyələrə kömək və metodoloji yardım sahəsində aparılan işləri ümumiləşdirir və bu istiqamətdə fəaliyyətin səmərəliliyini artırmaq üçün tədbirlər görür.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.