Sizinxeber.Az

Böyük artım və ya 24 milyard 780 milyon manatlıq büdcəmiz – RƏY

0 1

Ölkənin, dövlətin əsas, ali maliyyə sənədi dövlət büdcəsi, büdcə zərfidir. Hər bir ölkənin, hər bir dövlətin iqtisadi inkişaf tempi, iqtisadi gücü onun dövlət büdcəsi, orada əksini tapmış rəqəmlərlə ölçülür. Bu baxımdan, son dərəcədə sevindirici və əlamətdardır ki, Azərbaycanın iqtisadi qüdrəti, dinamik, sürətli inkişafı baş verdikdə, artdıqca, bu inkişaf, bu artım onun büdcəsində də özünün əksini tapır.

Əgər müstəqilliyinin ilk illərində, 90-cı illərdə Azərbaycanın büdcəsi cəmi milyonlarla ölçülürdüsə, bu gün milyardlarla ölçülür.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı millət vəkili Aydın Hüseynov deyib.

O qeyd edib ki, cəmi bir neçə ay öncə, parlamentin 2018-ci il növbədənkənar sessiyasının son iclasında Azərbaycanın dövlət büdcəsinə dəyişiklik edildi, dürüstləşmə aparıldı, büdcə daha iki milyard artırılaraq, 23 milyarda çatdırıldı:

“Bu, çox böyük bir göstərici və addım idi. İndi bunun üstündən cəmi bir neçə ay keçmiş büdcəmiz yenidən artırılır. Yəni, 2019-cu ilin dövlət büdcəsində təxminən 1 milyard 800 milyona yaxın artım nəzərdə tutulur. Bir qədər də konkretləşdirsək, dövlət büdcəmizin xərclər hissəsi 24 milyard 780 milyon manat proqnozlaşdırılır.

Hesab edirəm ki, qısa bir müddət ərzində, özü də hələ dünyada qlobal maliyyə-iqtisadi kataklizmlərin, siyasi, hərbi qarşıdurmaların, təlatümlərin yaşandığı bir dövrdə heç bir yerdə, heç bir dövlətdə belə bir hal yaşanmayıb, müşahidə olunmayıb.

Bu, böyük uğurdur. Azərbaycan bu məsələdə liderliyini qoruyub-saxlamaqda, davam etdirməkdədir. Bu, Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan naminə fəaliyyətinin əyani göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə bir-bir çatır və çatacaq”.

Millət vəkili büdcə zərfinin önəmli məqamlarından biri kimi onun həm də sosialyönümlülüyünü qeyd edib:

“Çox yaxşı haldır ki, büdcəmiz yenə sosialyönümlü olacaq”.

Dövlət büdcəsi ilə yeni tanış olduğunu bildirən millət vəkili Tahir Rzayev bildirib ki, Azərbaycanın iqtisadi inkişafı və gücü onun dövlət büdcəsində əksini tapıb:

“Bildiyiniz kimi, dövlət büdcəsi yeni açıqlanıb. Yaxın günlərdə onun geniş müzakirələri başlanılacaq. Noyabrın ilk günlərində komitələr səviyyəsində, ayın ortalarında isə plenar iclaslar səviyyəsində büdcəyə münasibət bildiriləcək.

Amma indidən, ilkin tanışlıqdan sonra deyə bilərəm ki, büdcəmiz çox uğurludur, Azərbaycanın iqtisadi inkişafının göstəricisidir və ölkəmizin, vətəndaşlarımızın sosial-rifah halının yaxşılaşdırılması, hərbi qüdrətimizin artırılması iqtidarındadır. Təsəvvür edin ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsinə bərabərdir və bəzən onu üstələyir. Bu, onu deməyə əsas verir ki, biz güclüyük, güclənirik və daha da güclənəcəyik”.

 

Şərhlər
Loading...