Azərbaycan Xalq Cümhuriyyətində dini və ideoloji təməllərin konseptual əsasları – məqalə
sizinxeber.az xəbər saytı

Azərbaycan Xalq Cümhuriyyətində dini və ideoloji təməllərin konseptual əsasları – məqalə


Azərbaycan xalqının dini və milli ideologiyası onun tarixən keçdiyi yolu, adət-ənənələrini, milli-mənəvi xüsusiyyətlərini əks etdirən kompleks dəyərlər sistemidir. Bu ideologiyanın formalaşma prosesində milli identiklik əsas amillərdən biri olub. XX əsrin əvvəllərində beynəlxalq miqyasda cərəyan edən siyasi hadisələr türk-müsəlman dünyasına, o cümlədən Azərbaycana da təsirsiz ötüşməmişdi. Həmin dövrdə cəmiyyətin şüurunda baş verən dəyişikliklər – İslam ümmətçiliyindən İslam millətçiliyinə keçid prosesi, milli özünüdərk və milli dövlət quruculuğu dövlət-din münasibətlərinin nəzəri və sosial mahiyyətini gündəmə gətirmişdi. Maarifçilik hərəkatı ilə paralel olaraq baş verən ictimai-siyasi proseslər cəmiyyətin siyasi, sosial-mədəni və mənəvi əsaslarını formalaşdırırdı. Azərbaycan ziyalıları və demokratik düşüncəli din xadimləri milli-mənəvi dəyərlərin modernləşməsi uğrunda yorulmadan mübarizə aparırdılar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlının “Azərbaycan Xalq Cümhuriyyətində dini və ideoloji təməllərin konseptual əsasları” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Əsasını dünyəvi dövlət modeli təşkil edən Azərbaycan Cümhuriyyətində baş verən ictimai-siyasi proseslər cəmiyyətin sosial-mədəni həyatında yeni mədəni və mənəvi çağırışların aktuallığını artırırdı. Bu dövlətin siyasi və hüquqi bazası dünyəvilik prinsipi üzərində qurulmuşdu. Cəmiyyətin ümmətçilikdən millilik və dünyəvilik mərhələsinə keçidində din-dövlət münasibətlərinin əhəmiyyəti böyük olub. Teokratik dünyagörüşünə sahib olan cəmiyyətin siyasi, sosial-mədəni və mənəvi əsaslarının formalaşmasında bu münasibətlər mühüm rol oynayırdı.

Siyasi və ideoloji dəyişikliklər nəticəsində Azərbaycanda elmi və fəlsəfi fikir inkişaf edərək, bir çox Şərq ölkələrini geridə qoymuş, bu da mədəniyyətin və ictimai şüurun inkişafına müsbət təsir göstərmişdi.

Bu kontekstdə görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi: “İnkişafa meyilli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmazlığını ilk ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, İslam aləmində ilk dəfə Cümhuriyyəti elan edən də azərbaycanlıdır”.

Köhnəliklə yeniliyin mübarizəsi nəticədə yenilik tərəfdarlarının qələbəsi ilə başa çatmış, Şərqlə Qərbin sintezini hədəfləyən azərbaycanlı mütəfəkkirlər sayəsində İslam ümmətçiliyindən İslam millətçiliyinə, oradan isə türk millətçiliyinə keçid prosesi baş vermişdi.

Maarifçilik hərəkatının əsasını qoyan Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi kimi ziyalıların ideyaları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov kimi mütəfəkkirlər tərəfindən davam etdirilirdi.

Azərbaycan Cümhuriyyətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə din-dövlət münasibətlərini təhlil edərkən dünyəvi dövlət modelini önə çəkir, demokratik idarəetmənin alternativsiz olduğunu vurğulayırdı. O yazırdı: “Azərbaycan müsəlman aləmində ilk cümhuriyyət və türk aləmində ilk dövlətdir... Türk mənşəli digər dövlətlər dini əsas üzərində qurulduqları halda, Azərbaycan Cümhuriyyəti milli-mədəni müstəqillik və türk milli-demokratik dövlət qurumu zəmininə əsaslanır. Bu baxımdan, bizim Cümhuriyyətimiz ilk türk dövlətidir”.

XX əsrin əvvəllərində türk-müsəlman dünyasında baş verən proseslərdə novatorlarla mühafizəkarlar arasında ciddi fikir ayrılığı müşahidə olunurdu. “İslam birliyi” ideyası həmin dövrdə müxtəlif yönlərdən dəyərləndirilirdi.

İslam dəyərlərinə və “İslam birliyi” ideyasına münasibətdə üç əsas cərəyan formalaşmışdı. Əhməd bəy Ağaoğlunun “ifrat mütərəqqi müsəlmanlar” adlandırdığı birinci qrup Avropanı təqlid etməklə modernləşməni əsas çıxış yolu kimi görürdü. İkinci cərəyan – “köhnə müsəlmanlar” –klassik İslam ehkamlarının toxunulmazlığına sadiq qalırdı. Üçüncü cərəyan olan panislamistlər isə bu iki mövqedən orta xətti seçmişdilər.

Panislamizmin banisi Şeyx Cəmaləddin Əfqani qeyd edirdi ki, dini islahın məqsədi İslam dinini təhrif etmək deyil, sonradan əlavə olunan elementləri ayıraraq dini ilkin formasına qaytarmaqdır. Bu isə vəz, nəsihət və mətbuat vasitəsilə həyata keçirilməlidir.

M.Ə.Rəsulzadə panislamizmi liberal-islahatçı bir cərəyan kimi qiymətləndirir, onun milli-mədəni dünyagörüşün formalaşmasına münbit zəmin yaratdığını bildirirdi. Əfqani “Millətindən kənarda xoşbəxtlik yoxdur...” deyərək milli şüurun vacibliyini vurğulayırdı.

Rəsulzadə cəmiyyətin sosial-mədəni həyatında dinin mühüm rolunu qəbul etsə də, onun cəhalətə alət olunmasına qarşı çıxırdı. O yazırdı: “Adımızı müsəlman qoyuruq, lakin İslamiyyətin nə tarixindən, nə üsulundan, nə füruindən, nə də müəhəssənatından xəbərimiz yoxdur...”.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi azərbaycanlıların milli ideya və yenilikçi düşüncə qabiliyyətini nümayiş etdirdi. Dünyəvi idarəçilik modelinə əsaslanan Cümhuriyyət, eyni zamanda, dini sahəyə də diqqətlə yanaşmış, dövlət-din münasibətlərində müsbət dəyişikliklərə imza atmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman ruhaniliyinə dair siyasəti istiqlal hərəkatı dövründə formalaşmış, müstəqillikdən sonra bu siyasət dövlət səviyyəsində davam etdirilmişdi. Cümhuriyyət dövründə dini dəyərlər milli ideologiyanın ayrılmaz hissəsinə çevrilmiş, bu da dövlət bayrağında öz əksini tapmışdı. Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” ideyası da bu simvolda əks olunub.

1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsində “Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində yaşayan bütün vətəndaşlara milliyyətindən, məzhəbindən, sinfindən və cinsindən asılı olmayaraq siyasi və vətəndaşlıq hüquqları təmin edir” ifadəsi bu dünyəvi dəyərlərin hüquqi əsasını qoyurdu.

Azərbaycan Cümhuriyyətinin xarici siyasəti də tolerantlığa əsaslanırdı – İslam və xristian ölkələri ilə dostluq münasibətləri qurulmasına xüsusi diqqət yetirilirdi.

Cümhuriyyətin qurulması ilə dini ayrı-seçkilik aradan qaldırıldı, çar Rusiyasının məzhəb ayrı-seçkiliyi siyasəti ləğv edildi və nəticədə cəmiyyətdə bütövlük və həmrəylik formalaşdı.

1918-ci ilin noyabrında M.Ə.Rəsulzadənin “Bütün Azərbaycan əhalisinə” müraciətində deyilirdi: “Bütün Azərbaycan vətəndaşları – millət və məzhəbindən asılı olmayaraq – bir Vətənin övladlarıdır... Bu xüsusda ən böyük məsuliyyət Azərbaycan türklərinə və müsəlman cəmiyyətinə düşür”.

Cümhuriyyətin ilk günlərindən etibarən dini sahədə hüquqi əsasların formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdı. 1918-ci ilin iyununda yaradılmış Xalq Maarifi və Dini Etiqad Nazirliyi bu məqsədə xidmət edirdi. Hökumət dəyişiklikləri ilə bu nazirliyin strukturu bir neçə dəfə dəyişsə də, fəaliyyəti davam edib.

İki ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti vicdan azadlığının təmin olunması istiqamətində mühüm və mütərəqqi addımlar atmışdı.

Oxşar xəbərlər

QMİ sədri: TDT-nin Müsəlman dini liderlərinin vəzifəsi mənəvi birliyimizin qorunmasıdır
QHT sədri milli-mənəvi dəyərlərin tədqiqatı mərkəzinin yaradılmasını təklif edib
Daxili Qoşunlarda dövlət-din münasibətlərinin mahiyyətinə dair tədbirlər keçiriləcək
Rektor: BDU-da milli-mənəvi dəyərlərin təbliği prosesinə xüsusi diqqət ayrılır
Bakıda milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlar mövzusunda ictimai müzakirə keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər